Texnopark və Startap şirkətləri üçün yeni vergi güzəştləri 2027
Dəyişikliklər əsasən texnopark rezidentlərinin vergi güzəştləri, mənfəət və gəlir vergisindən azadolmalar, gəlirdən çıxılan xərclər, startup şirkətləri üçün əlavə vergi güzəştləri, həmçinin ƏDV ilə bağlı bir sıra yenilikləri əhatə edir.

Dəyişikliklər əsasən texnopark rezidentlərinin vergi güzəştləri, mənfəət və gəlir vergisindən azadolmalar, gəlirdən çıxılan xərclər, startup şirkətləri üçün əlavə vergi güzəştləri, həmçinin ƏDV ilə bağlı bir sıra yenilikləri əhatə edir.

Texnopark və Startap şirkətləri üçün yeni vergi güzəştləri 2027

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 22 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmışdır. Müvafiq dəyişikliklərin 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minir. 

Dəyişikliklər əsasən texnopark rezidentlərinin vergi güzəştləri, mənfəət və gəlir vergisindən azadolmalar, gəlirdən çıxılan xərclər, startup şirkətləri üçün əlavə vergi güzəştləri, həmçinin ƏDV ilə bağlı bir sıra yenilikləri əhatə edir.

1.Texnoparkla bağlı vergi güzəştləri

1.1. Texnopark rezidentlərinin vergi güzəştləri

Aşağıda texnopark rezidentləri, həmçinin texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlər üçün nəzərdə tutlan və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək vergi güzəştləri 2027-ci il yanvarın 1-dən texnologiyalar parkının rezidenti şəhadətnaməsini alan və qeyri-dövlət sektoruna aid edilən, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmayan texnologiyalar parkının rezidentlərinə münasibətdə tətbiq edilir.

1.1.1.Gəlir və Mənfəət vergisindən azadolmalar

102-ci maddəyə edilən dəyişikliyə əsasən, texnologiyalar parklarının rezidenti olan, fiziki və hüquqi şəxslərin texnologiyalar parkındakı, o cümlədən texnologiyalar parkından kənar fəaliyyətdən əldə etdikləri gəlir (muzdlu işdən gəlir istisna olmaqla) texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı tarixdən etibarən 20 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir. Qeyd edilən azadolmanın tətbiqi üçün:

  • texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmamalı;
  • texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürülməli;
  • avadanlıqların, aparat-texniki vasitələrin ixracı həyata keçirildiyi halda həmin avadanlıqlara, aparat-texniki vasitələrə texnologiyalar parkının rezidenti olan vergi ödəyicisi tərəfindən yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəlliflik hüququnun obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparılmalıdır.

Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız digər şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirlərə münasibətdə yuxarıda qeyd edilən azadolmanın tətbiqi nəzərdə tutulmur.

Digər tərəfdən, Məcəllənin 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə qeyri-rezident şəxslərə edilən ödənişlər (alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi hallar istisna olmaqla) 2027-ci il 1 yanvar tarixindən etibarən 20 il müddətinə gəlir və mənfəət vergisindən azaddır.

Texnopark rezidentlərinin aşağıdakı gəlirləri isə 2027-ci il 1 yanvar tarixindən 10 il müddətinə gəlir və mənfəət vergisindən azaddır:

İştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda, payın təqdim edilməsindən əladə edilən gəlirin 100 %-i; 

Texnologiyalar parkının rezidenti olan və texnologiyalar parkının fəaliyyətindən kənar fəaliyyətlə məşğul olmayan hüquqi şəxs tərəfindən üçüncü şəxslərin payçı (səhmdar) kimi cəlb edilməsi zamanı iştirak paylarının (səhmlərin) nominal dəyərindən yuxarı qiymətə təqdim edilməsi (yerləşdirilməsi) nəticəsində əldə edilən gəlir (müəssisənin aktivlərinin yenidən qiymətləndirilməsi üzrə yaranan dəyər artımına mütənasib dəyər istisna olmaqla).

1.1.2. Gəlirdən çıxılan xərclər:
İnvestisiya məbləğlərinin gəlirdən çıxılması

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin emissiya edilmiş səhmlərinin əldə edilməsi və ya əlavə maya qoyuluşu ilə iştirak paylarının əldə edilməsi üzrə investisiya məbləğləri 2027-ci il yanvarın 1-dən 10 il müddətinə aşağıdakı şərtlər daxilində fərdi sahibkarın və müəssisənin vergi tutulan ümumi gəlirindən çıxılır:

  • Vergi ödəyicisinin gəlirindən çıxılan məbləği onun müvafiq hesabat ili üzrə vergi tutulan ümumi gəlirinin (xərclər çıxıldıqdan sonra) və ya mənfəətinin 50 faizindən çox olmamalıdır;
  • investisiya qoyuluşunu həyata keçirən vergi ödəyicisi investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
  • investisiya qoyuluşunu həyata keçirən vergi ödəyicisi bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə aid edilmir);
  • əldə edilmiş iştirak payı (səhm) investisiyanın qoyulduğu tarixdən etibarən azı 3 il müddətində fasiləsiz olaraq vergi ödəyicisinin mülkiyyətində saxlanılmalıdır;
  • investisiya qoyulan müəssisə hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) investisiyanı yatıran şəxsə təqdim etməlidir. Bu maddə üzrə vergi ödəyicisinin vergi tutulan gəlirdən çıxılan məbləği investisiyanı əldə edən şəxsin həmin investisiya məbləğini xərclədiyi hissədə həyata keçirilir;
  • sənaye parklarında innovasiya və texnoloji yeniliklər üzrə qoyulacaq investisiyalarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq təsdiqedici sənəd təqdim edilir.
Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclərin gəlirdən çıxılması qaydası

Yeni qaydalara əsasən, vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, texnologiyalar parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2027-ci il yanvarın 1-dən 10 il müddətinə 2,5 əmsal tətbiq edilməklə həmin hesabat ili üzrə vergi ödəyicisinin vergi tutulan gəlirindən çıxılır. 

Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara yuxarıda nəzərdə tutulan 2,5 əmsal tətbiq edilmir. 

Nəzərdə tutulan xərclərin dairəsi və istiqamətləri, həmçinin texnoloji və sənaye uğursuzluqlarının nəticəsinin təsdiqi proseduru və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Amortizasiya

Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində istifadə edilən və ayrıca uçotu aparılan maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə amortizasiya ayırmaları 2027-ci il yanvarın 1-dən 10 il müddətinə maşınlar və avadanlıqlar və yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq edilməklə gəlirdən çıxıla bilər.

1.1.3. Əməkhaqqı gəlirləri

Hazırda qüvvədə olan Vergi Məcəlləsi ilə texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı dərəcələrlə tutlur:

  • 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi;
  • 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.

Yeni Qanunla isə həm texnologiyalar parkının rezidentlərində, həm də texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərində bu fəaliyyətin məqsədləri üçün çalışan fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2027-ci il yanvarın 1-dən 20 il müddətində 0 faiz dərəcəsi ilə tutulacaq.

Qeyd edilən güzəştin iri sahibkarlıq subyektlərinə tətbiqi isə aşağıdakı qaydada həyata keçiriləcək:

  • texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda;
  • texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə.

Qeyd edilən hədd müvafiq icra hakimiyyəti orqanı tərəfindən müyyən ediləcək.

1.1.4. Dividend gəlirləri

Dividend gəlirlərinə münasibətdə texnologiyalar parkının rezidentinin bu fəaliyyət üzrə əldə olunan gəlirlərindən ödənilən dividend müvafiq qeydiyyat şəhadətnaməsinin alındığı tarixdən etibarən 20 il müddətinə gəlir və mənfəət vergisindən azaddır. Belə ki qeyd edilən azadolma əvvəl yalnız texnologiyalar  parkından kənar fəaiyyət göstərən şəxslərə şamil edilirdisə, artıq bütün texnopark rezidentlərinə şamil ediləcək.

Qeyd edilən güzəşt iri sahibkarlıq subyektlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq edilir:

  • texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda;
  • texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə.
1.1.5. ƏDV-dən azadolmalar

ƏDV-dən azalolmalar ilə bağlı Məcəlləyə yeni əlavə edilmiş 164.1.65-ci maddənin tələbinə əsasən, 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri 2027-ci il yanvarın 1-dən 20 il müddətinə ƏDV-dən azad edilir.

Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda qeyd edilən azadolma tətbiq edilmir.

1.1.6. Torpaq və Əmlak vergisindən azadolmalar

Texnologiyalar parklarının rezidenti (o cümlədən texnologiyalar parkından kənar fəaliyyət üzrə) olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün torpaq və əmlak vergisindən azadolma müddəti 10 ildən 20 ilə qaldırılmışdır.

1.2. Texnopark rezidentlərinə xidmət göstərən şəxslərin vergi güzəştləri

Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış şəxslərə xidmət gösətərən şəxslərin aşağıdakı gəlirləri 2027-ci il 1 yanvar tarixindən etibarən 10 il müddətinə gəlir və mənfəət vergisindən azaddır:

  • texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən fiziki və hüquqi şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri;
  • fiziki şəxslərə münasibətdə vençur kapitalı fondları tərəfindən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektlərinə investisiyadan əldə edilən mənfəət üzrə həmin fondların iştirakçılarına (səhmdarlarına, payçılarına) ödənilən dividendlər, hüquqi şəxlərə münasibətdə isə bu qaydada əldə edilən mənfəət və mənfəətdən ödənilən dividendlər;

2. Startap şirkətləri üçün vergi güzəştləri

2.1. Gəlir və Mənfəət vergisindən azadolmalar

2027-ci il 1 yanvar tarixindən etibarən 10 il müddətinə gəlir və mənfəət vergisindən azaddır:

  • Mikro və kiçik sahibkarlıq subyekti olan “Startap” şəhadətnaməsi almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid iştirak payı və ya səhmin təqdim edilməsindən əladə edilən gəlirin 100 %-i
  • “Startap” şəhadətnaməsi almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən fiziki və hüquqi şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri
  • 2-ci bənddə göstərilən iştirak payları (səhmlər) üzrə fiziki və hüquqi şəxslərə ödənilən dividendlər;
  • fiziki şəxslərə münasibətdə vençur kapitalı fondları tərəfindən “Startap” şəhadətnaməsi və ya sənaye, parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektlərinə investisiyadan əldə edilən mənfəət üzrə həmin fondların iştirakçılarına (səhmdarlarına, payçılarına) ödənilən dividendlər, hüquqi şəxlərə münasibətdə isə bu qaydada əldə edilən mənfəət və mənfəətdən ödənilən dividendlər;

Məcəllənin 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, “Startap” şəhadətnaməsi almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə qeyri-rezident şəxslərə edilən ödənişlər isə (alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi hallar istisna olmaqla) 2027-ci il 1 yanvar tarixindən 20 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir.

Həmçinin mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirin gəlir və mənfəət vergisindən azadolma müddəti 3 ildən 7 ilə qaldırılmışdır.

2.2. Gəlirdən çıxılan xərclər

İnvestisiya məbləğlərinin gəlirdən çıxılması

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən “Startap” şəhadətnaməsi və ya sənaye parkının qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin emissiya edilmiş səhmlərinin əldə edilməsi və ya əlavə maya qoyuluşu ilə iştirak paylarının əldə edilməsi üzrə investisiya məbləğləri 2027-ci il yanvarın 1-dən 10 il müddətinə aşağıdakı şərtlər daxilində fərdi sahibkarın və müəssisənin vergi tutulan ümumi gəlirindən çıxılır:

  1. Vergi ödəyicisinin gəlirindən çıxılan məbləği onun müvafiq hesabat ili üzrə vergi tutulan ümumi gəlirinin (xərclər çıxıldıqdan sonra) və ya mənfəətinin 50 faizindən çox olmamalıdır;
  2. investisiya qoyuluşunu həyata keçirən vergi ödəyicisi investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
  3. investisiya qoyuluşunu həyata keçirən vergi ödəyicisi bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə aid edilmir);
  4. əldə edilmiş iştirak payı (səhm) investisiyanın qoyulduğu tarixdən etibarən azı 3 il müddətində fasiləsiz olaraq vergi ödəyicisinin mülkiyyətində saxlanılmalıdır;
  5. investisiya qoyulan müəssisə hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) investisiyanı yatıran şəxsə təqdim etməlidir. Bu maddə üzrə vergi ödəyicisinin vergi tutulan gəlirdən çıxılan məbləği investisiyanı əldə edən şəxsin həmin investisiya məbləğini xərclədiyi hissədə həyata keçirilir;
  6. sənaye parklarında innovasiya və texnoloji yeniliklər üzrə qoyulacaq investisiyalarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq təsdiqedici sənəd təqdim edilir.

Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclərin gəlirdən çıxılması qaydası

Yeni qaydalara əsasən, vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə “Startap” şəhadətnaməsi almış şəxslərə, sənaye parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2027-ci il yanvarın 1-dən 10 il müddətinə 2,5 əmsal tətbiq edilməklə həmin hesabat ili üzrə vergi ödəyicisinin vergi tutulan gəlirindən çıxılır. 

Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara yuxarıda nəzərdə tutulan 2,5 əmsal tətbiq edilmir. 

Nəzərdə tutulan xərclərin dairəsi və istiqamətləri, həmçinin texnoloji və sənaye uğursuzluqlarının nəticəsinin təsdiqi proseduru və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Amortizasiya

Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində istifadə edilən və ayrıca uçotu aparılan maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə amortizasiya ayırmaları 2027-ci il yanvarın 1-dən 10 il müddətinə maşınlar və avadanlıqlar və yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq edilməklə gəlirdən çıxıla bilər.

2.3. ƏDV-dən azadolmalar

Məcəlləyə əlavə edilmiş 164.1.65-ci maddənin tələbinə əsasən, 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, “Startap” şəhadətnaməsi almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri 2027-ci il yanvarın 1-dən 20 il müddətinə ƏDV-dən azad edilir.

Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda qeyd edilən azadolma tətbiq edilmir.

2.4. ƏDV üçün xidmətlərin göstərildiyi yer

168-ci maddəyə edilmiş dəyişikliklə bundan sonra kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi, o cümlədən bu şəbəkələrin, sistemlərin və proqram təminatının elektron şəbəkələr vasitəsilə məsafədən idarə edilməsi, onlara məsafədən texniki dəstək, rəqəmsal müşayiət və fasiləsizliyinin proqram səviyyəsində təmin edilməsi xidmətlərinə (aparat-texniki vasitələrə, avadanlıqlara və şəbəkələrə bilavasitə yerində fiziki müdaxilə tələb edən quraşdırma, istismar, texniki xidmət və təmir işləri istisna olmaqla) münasibətdə xidmətlərin gösətirldiyi yer bu xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer sayılacaq.

3. Yüksəkixtisaslı miqrantların vergi güzəştləri

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi çərçivəsində xaricdən əldə etdikləri gəlirlər 2027-ci il 1 yanvar tarixindən 20 il müddətinə gəlir vergisindən azaddır.

4. İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilələr ilə bağlı vergi güzəştləri

İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilələr çərçivəsində əvəzsiz və ya güzəştli şərtlərlə əldə etdiyi pay (səhm) üzrə gəlirlər (fayda), habelə belə müqavilələr çərçivəsində əldə edilən aktivin (payın, səhmin) digər şəxslərə təqdim edilməsindən yaranan gəlirlər 2027-ci il 1 yanvar tarixindən etibarən 10 il müddətinə gəlir vergisindən azaddır. Sözügedən azadolmanın tətbiqi üçün aşağıdakı şərtlərin mğvcudluğu tələb olunur:

  • payı (səhmi) əldə olunan və təqdim edilən müəssisənin texnologiyalar parkının rezidenti olması və texnologiyalar parkının fəaliyyətindən kənar fəaliyyətlə məşğul olmaması;
  • payı (səhmi) əldə edən işçinin çalışdığı müəssisədə azı bir il ərzində fəaliyyət göstərməsi;
  • payın (səhmin) vergidən azad edilən dəyəri həmin payın (səhmin) xalis aktivlərin dəyərinə mütənasib məbləği (müəssisənin aktivlərinin yenidən qiymətləndirilmə nəticəsində yaranan artım istisna olmaqla) qəbul olunur.

Oxşar Yazılar

Konstitusiya Məhkəməsindən yeni şərh: hərəkət azadlığının məhdudlaşdırılması xarici hüquqi şəxslərə də aiddir

Konstitusiya Məhkəməsindən yeni şərh: hərəkət azadlığının məhdudlaşdırılması xarici hüquqi şəxslərə də aiddir

Konstitusiya Məhkəməsi 31 mart 2026-cı il tarixli qərarı ilə vergi borclarına görə ölkədən çıxışa...

Apr 16, 2026
Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər 2026

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər 2026

Azərbaycan Respublikasının Vergi Məcəlləsi və gömrük qanunvericiliyinə bir sıra əhəmiyyətli dəyiş...

Mar 02, 2026
Sənaye və texnologiyalar parkları üçün vergidən azad avadanlıqların siyahısı təsdiq edildi

Sənaye və texnologiyalar parkları üçün vergidən azad avadanlıqların siyahısı təsdiq edildi

Azərbaycanın sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru, habelə rezid...

Jul 05, 2026

"Tibbi Sığorta haqqında" Qanuna dəyişikliklər edilmişdir (2026)

1 Yanvar 2026-cı ildən qüvvəyə minməklə “Tibbi sığorta haqqında” qanuna bir sıra əhəmiyyətli dəyi...

Jan 06, 2026