Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər 2026
Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər 2026

Azərbaycan Respublikasının Vergi Məcəlləsi və gömrük qanunvericiliyinə bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir. Elektron ticarət üzrə yenilik ondan ibarətdir ki, qeyri-rezidentin elektron ticarətdən əldə etdiyi gəlir 10 000 ABŞ dollarının manat ekvivalentini keçərsə, onlar həmin tarixdən etibarən 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdır.

Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna yeni dəyişikliklər edilib

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna bir sıra mühüm dəyişikliklər edilmişdir. Dəyişikliklər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək, bəzi müddəalar isə 23 avqust 2026-cı il tarixinədək mərhələli qaydada tətbiq olunacaqdır.

Yeniliklər əsasən vergi ödəyicilərinin uçot qaydaları, gəlir (mənfəət) vergisi, ƏDV, aksiz vergisi və gömrük rüsumundan azadolmalarla bağlı müddəaları əhatə edir.

Qeyri-rezidentin elektron ticarətə görə uçotunda yenilik  

Elektron ticarətlə məşğul olan qeyri-rezidentlərin vergi uçotuna alınması qaydaları yenilənmişdir. Belə ki, əvvəllər qeyri-rezidentlər rezidentlərə göstərdikləri iş və xidmətlərə görə uçota alınırdılarsa, yeni qaydalara əsasən bu anlayış dəqiqləşdirilmiş və bu tələb vergi orqanında uçotda olmayan şəxslərə göstərilən iş və xidmətlərə şamil edilmişdir.

Bununla yanaşı, qeyri-rezidentlər üçün həm məcburi, həm də könüllü qeydiyyat mexanizmi tətbiq olunacaq. Əgər qeyri-rezidentin təqvim ili ərzində alıcısı Azərbaycanda olan şəxslərə elektron ticarət qaydasında göstərdiyi iş və xidmətlərdən əldə etdiyi gəlir 10 000 ABŞ dollarının manat ekvivalentini keçərsə, onlar həmin tarixdən etibarən 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdır.

Dövriyyəsi bu həddi keçməyən qeyri-rezidentlər isə könüllü qaydada qeydiyyatdan keçə bilərlər.

Bu qaydada vergi uçotuna alınan qeyri-rezident şəxslərə münasibətdə vergi ödəyicisi ƏDV-ni hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın sonuncu günündən gec olmayaraq büdcəyə ödəməyə borcludur. 

Eyni zamanda, elektron ticarət çərçivəsində göstərilən xidmətlərin əhatə dairəsi də dəqiqləşdirilmişdir. Dəyişikliklərə əsasən, aşağıdakı xidmətlər elektron ticarət qaydasında göstərilən iş (xidmət) hesab edilmir:

  • məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətlərinin elektron poçt və digər interaktiv vasitələrlə göstərilməsi;
  • internet üzərindən real vaxt rejimində keçirilən tədris və təlim xidmətləri;
  • elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifarişi.

Vergi Məcəlləsinin 34.8.3-cü maddəsinə edilmiş əlavəyə əsasən, dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslər vergi uçotuna alındıqda, yenidən təşkil edildikdə və ya uçotdan çıxarıldıqda bu barədə məlumatlar (adı, VÖEN-i və bank hesabları göstərilməklə) hər ayın sonunda formalaşdırılaraq növbəti ayın 15-dək Dövlət Vergi Xidməti tərəfindən elektron qaydadaAzərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim ediləcəkdir.

Bundan əlavə, Vergi Məcəlləsinə əlavə edilmiş 35.2-1-ci maddəyə uyğun olaraq, qeyd olunan qurumlar vergi ödəyicisi kimi uçota alındıqda onların bank hesabları barədə məlumat vergi orqanına daxil olduğu gündən sonrakı 1 iş günü ərzində elektron qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndəriləcəkdir.

Gəlir və mənfəət vergisindən azadolmalar üzrə dəyişikliklər

Dəyişikliklərə əsasən, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar bir sıra gəlirlər gəlir və mənfəət vergisindən azad edilmişdir.

Belə ki, forum çərçivəsində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlər 1 sentyabr 2025-ci il tarixindən etibarən 1 il müddətinə gəlir vergisindən azad edilir.

Eyni zamanda, forumla bağlı qeyri-rezidentlərə ödənilən royalti gəlirləri və qeyri-rezident hüquqi şəxslərin iş və xidmətlərdən əldə etdikləri gəlirlər də 1 sentyabr 2025-ci il tarixindən 1 il müddətinə mənfəət vergisindən azad olunur.

ƏDV-dən azadolmalar və güzəştlərə edilmiş dəyişiklilər

ƏDV üzrə dəyişikliklərə əsasən, şəxslər tərəfindən təqvim ili ərzində 1 ədəd, ölkə üzrə isə ümumilikdə 10 ədəddən artıq olmamaqla raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən azad edilmişdir.

Bundan əlavə, WUF13 forumu ilə əlaqədar olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə bağlanmış müqavilə əsasında qeyri-rezidentlər tərəfindən görülən işlər və göstərilən xidmətlər, eləcə də həmin qurumun təsdiqedici sənədi əsasında malların idxalı 1 sentyabr 2025-ci il tarixindən 1 il müddətinə ƏDV-dən azad edilir.

Son dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları üzrə siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı da ƏDV-dən azad edilir.

Aksizdən və gömrük rüsumundan azadolmalar 

Son olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında şəxslər tərəfindən təqvim ili ərzində 1 ədəd (ölkə üzrə ümumilikdə 10 ədəd) raritet avtonəqliyyat vasitəsinin idxalı aksiz vergisindən və “Gömrük tarifi haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, gömrük rüsumundan azad edilmişdir.

Oxşar Yazılar

Transfer qiyməti qaydaları (Azərbaycan): hesabatlar və yeni sanksiyalar (2025)

Transfer qiyməti qaydaları (Azərbaycan): hesabatlar və yeni sanksiyalar (2025)

Azərbaycanda tətbiq edilən transfer qiymətinin müəyyən edilməsi qaydaları OECD transfer qiymətini...

Dec 29, 2024
Vergi Məcəlləsi 2025: Vergi Məcəlləsinə dəyişikliklər 2025

Vergi Məcəlləsi 2025: Vergi Məcəlləsinə dəyişikliklər 2025

Aşağıda 27 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş son d...

Jan 02, 2025
Vergi Məcəlləsi 2026| Vergi Məcəlləsinə Dəyişikliklər 2026

Vergi Məcəlləsi 2026| Vergi Məcəlləsinə Dəyişikliklər 2026

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasını...

Dec 04, 2025
Vergi Məcəlləsinə Son Dəyişikliklər 2023

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2023

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2023

Jan 23, 2023
Maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsinə başlanılır

Maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsinə başlanılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 sentyabr tarixli 262 nömrəli Qərarı il...

Sep 17, 2025