Ələt Azad İqtisadi Zonası: Biznes qeydiyyatı
Ələt Azad İqtisadi Zonası: Biznes qeydiyyatı

 

Ələt Azad İqtisadi Zonası: Biznes qeydiyyatı

 

Dünya Bankının 2021-ci il hesabatlarıda qeyd edilir ki, hazırda dünyada 147 iqtisadiyyat daxilində ən azı 5,383 xüsusi iqtisadi zona mövcuddur.

Ələt Azad İqtisadi Zonası Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış və azad zona imkanları təklif edən xüsusi iqtisadi zonadır.

Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə əlaqədar hüquqi və iqtisadi münasibətlər, habelə həmin zonalardakı sahibkarlıq fəaliyyəti 2009-cu ildə qəbul edilmiş “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Xüsusi iqtisadi zonalar haqqında” Qanuna əsasən xüsusi iqtisadi zona “sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi Azərbaycan Respublikası ərazisinin məhdud hissəsi”dir.

18 may 2018-ci il tarixdə isə “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra “Qanun”) qəbul edilmişdir. Bu Qanun Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Hüquqi anlayışa gəldikdə isə Ələt Azad İqtisadi Zonası sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə AR Prezidenti tərəfindən yaradılan zonadır.

Azərbaycanda investisiya və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün həmçinin sənaye parkları yaradılır. Sənaye parkları sahibkarlıq fəaliyyəti üçün lazımi infrastruktura malik olmaqla, sahibkarların və onların biznesinin inkişafına imkan verən müasir texnologiyaların tətbiqi üçün imkanlar yaradır.

 

  1. Ələt Azad İqtisadi Zonasında biznes qurmaq

 

Ələt iqtisadi zonasında bines qurmaq üçün başlıca tələb yüksək əlavə dəyər və ixrac yönümlü istehsalla və beynəlxalq xidmətlərlə məşğul olmaqdır. Qurulan biznesi ən yaxşı beynəlxalq standartlara uyğunlaşdırmaq üçün innovativ texnologiyalardan və yanaşmalardan istifadə edilməlidir.

Ələt iqtisadi zonası iqtisadi və stratejik cəhətdən əhəmiyyətli mövqeyə malikdir-Bakı Beynəlxalq Dəniz Limanının yaxınlığında, vacib beynəlxalq ticarət dəhlizlərinin üzərində yerləşir. Ələt iqtisadi zonasındakı münasibətlərin böyük əksəriyyəti onun daxili qaydaları ilə tənzimlənəcəkdir.

Azad Zonada yaradılacaq hüquqi şəxslər üçün nizamnamə kapitalının minimum məbləği və ya konkret fəaliyyət növü müəyyən edilməmişdir ki, bu da onu bir çox digər Azad Zonalardan fərqləndirir. Məsələn, Yaponiyanın Okinawa xüsusi iqtisadi zonasında yaradılan şikrətlər üçün bu tələb 35.000 ABŞ dollarından başlayır. Əlavə olaraq Azad Zonada yerli işçilərin say tərkibi və ya onların işlə təmin edilməsi ilə bağlı da hər hansı məhdudiyyət qoyulmamışdır.

Bundan başqa qeyd etmək lazımdır ki, Ələt Azad İqtisadi Zonasında yaradılan imkanlar və azadolmalarla bağlı hər hansı vaxt məhdudiyyəti qoyulmamışdır. Lakin 1997-ci ildə Latviyada yaradılmış Rezekne və Liepaja xüsusi iqtisadi zonalarında bu müddət 2035-ci ilə qədər müəyyən edilmişdir.

 

  1. Azad zona səlahiyyətli qurumu

 

Azad Zona səlahiyyətli qurumu Ələt Azad İqtisadi Zonasının fəaliyyətinə məsul olan, həmçinin Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurumdur. Səlahiyyətli qurumun faəliyyəti və idarə edilməsi isə kollegial oqran olan İdarə Heyəti tərəfindən həyata keçirilir. İdarə Heyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən sədr rəhbərlik edir və o birbaşa olaraq Azərbaycan Respublikasının Prezidentinə hesabat verir. İdarə Heyəti Azad Zona səlahiyyətli qurumunun idarə edilməsi, stratejik məqsədlərə nail olunması və faəliyyətinə görə məsuliyyət daşıyır.

Azad Zona səlahiyyətli qurumu aşağıdakılarla bağlı tənzimləməni və nəzarəti həyata keçirir:

  • Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və Azad Zona inzibati müəssisələrinin fəaliyyəti;
  • Azad Zona ərazisi;
  • Azad Zonada yerləşən bütün əmlak və aktivlər;
  • Azad Zonanın strateji məqsədləri ilə bağlı hər hansı digər məsələlər.

Azad Zona səlahiyyətli qurumunun aşağıdakı hüquqları vardır:

  • Azad Zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun daxili qaydaları hazırlamaq, qəbul etmək və dəyişikliklər etmək;
  • Azad Zonanın beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədi ilə Azad Zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq;
  • hüquq və vəzifələri üçüncü şəxslərə ötürmək;
  • sahib olduğu səhmləri (payları) satmaq və ya onlar barəsində hər hansı digər şəkildə sərəncam vermək;
  • müvafiq məsləhətçini, o cümlədən üçüncü tərəf məsləhətçisini və ya podratçını cəlb etmək;
  • Azad Zonanın fəaliyyəti ilə bağlı kömək və əməkdaşlıq üçün əsas iqtisadiyyat orqanlarına müraciət etmək;
  • Azad Zona səlahiyyətli qurumu və Azad Zona inzibati müəssisələri tərəfindən göstərilən xidmətlər üçün ödənişləri və digər maliyyə ödənişlərini müəyyənləşdirmək və toplamaq;
  • mənşə sertifikatlarını vermək;
  • Azad Zona qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirlərini müəyyən etmək, o cümlədən cərimələri tətbiq etmək və toplamaq;
  • öz büdcəsini və Azad Zona inzibati müəssisələrinin büdcəsini müəyyənləşdirmək və təsdiq etmək;
  • dövlət maliyyələşməsi üçün müraciət etmək və (və ya) banklardan, maliyyə institutlarından və digər qurumlardan maliyyə vəsaitləri almaq;
  • istənilən maliyyə vəsaitlərini cəlb etmək məqsədi ilə əmlak və aktivlər üzərində ipoteka və ya başqa şəkildə yüklülük yaratmaq;
  • bank hesabları açmaq;
  • istənilən işgüzar fəaliyyətlə məşğul olmaq;
  • Azad Zonaya investisiyaların cəlb edilməsi üçün biznes təşviqlərini təmin etmək;
  • üçüncü tərəf podratçılar və ya xidmət təchizatçıları ilə müqavilələr bağlamaq;
  • öz adından əqdlər bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək;
  • öz vəzifələrini yerinə yetirmək üçün digər hüquqları həyata keçirmək.

 

  1. Ələtdə biznes qurmağın üstünlükləri

 

İlk öncə qeyd etmək lazımdır ki, Azad Zona rezidentləri bütün vergi və gömrük rüsumlarından azaddır.

Əsas iqtisadiyyatdan Azad Zonaya və Azad Zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin idxalına və ixracına bərabər tutulur.

Azad Zona hüquqi şəxsləri əsas iqtisadiyyatın vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, yaxud əsas iqtisadiyyatın vergi ödəyicisi Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər və xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq ediləcəkdir.

Qanun həmçinin əsas iqtisadiyyatın vergi ödəyicilərinin Azad Zona rezidentləri ilə ticarətini də təşviq edir. Belə ki, əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zona hüquqi şəxslərinə malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı aparılan ödəmələrdən ödəmə mənbəyində vergilərin tutulması həyata keçirilmir.

Əsas iqtisadiyyatın vergi ödəyicisində aparılan vergi yoxlamaları zamanı vergi orqanları tərəfindən üçüncü şəxslər qismində Azad Zona hüquqi şəxsi ilə aparılmış əməliyyatlar barədə məlumatların əldə edilməsi Azad Zona səlahiyyətli qurumu vasitəsi ilə həyata keçirilir. Azad Zona səlahiyyətli qurumu tərəfindən məlumatlar əsas iqtisadiyyat qanunvericiliyinə uyğun təqdim edilir.

Gömrük sahəsində də güzəşt və azadolmalar müəyyənedilmişdir. Belə ki, Azad Zona hüquqi şəxsləri tərəfindən Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallaranəqliyyat vasitələrinə görə gömrük rəsmiləşdirilməsi üçün ödənilən yığımlardan başqa digər gömrük ödənişləri, o cümlədən gömrük rüsumu və vergilər tətbiq edilmir.

Mallar və nəqliyyat vasitələri əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zonadan əsas iqtisadiyyata gətirildikdə və əsas iqtisadiyyatdan Azad Zonaya aparıldıqda, belə mallara və nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi zamanı əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əlavə olaraq, əsas iqtisadiyyatın gömrük qurumu Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün müvafiq gömrük qurumu yaradır. Müvafiq gömrük qurumu öz fəaliyyətini Azad Zona qanunvericiliyinə, və həmin qanunvericilikdə nəzərdə tutulduğu halda və qaydada əsas iqtisadiyyat qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə, beynəlxalq standartlara və Azad Zonanın strateji məqsədlərinə uyğun həyata keçirir.

Azad Zona səlahiyyətli qurumu Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallar və nəqliyyat vasitələri ilə bağlı tənzimləməni təmin etmək üçün gömrük tələblərini əhatə edən daxili qaydalar qəbul edir. Daxili qaydalarda aşağıdakılar göstərilir:

  • Azad Zonaya gətirilən və Azad Zonadan aparılan malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi və nişanlanması qaydaları və tələbləri;
  • malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi ilə bağlı prosedurlar və icra qaydaları;
  • sadə və səmərəli gömrük rəsmiləşdirilməsi qaydalarını təmin etmək məqsədi ilə müvafiq gömrük qurumunun və əsas iqtisadiyyatın gömrük qurumunun birgə fəaliyyəti ilə bağlı qaydalar;
  • gömrük sahəsində tətbiq oluna biləcək hər hansı sənəd və ya xidmət üçün haqq;
  • gömrük agentlərinin və ya brokerlərin xidmətlərindən istifadə qaydaları;
  • Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər.

Azad Zonadakı miqrasiya və əmək münasibətləri hələ ki tam şəkildə tənzimlənmir. Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində:

  • əmək münasibətlərini tənzimləmək, o cümlədən əməyin təhlükəsizliyini təmin etmək və sosial təminat məsələlərini həyata keçirmək məqsədi ilə daxili qaydalar formasında əmək qaydaları qəbul edir;
  • miqrasiya ilə bağlı prosesləri tənzimləyən, o cümlədən viza növlərini və hər bir viza növü üçün tələb və qaydaları müəyyən edən daxili qaydalar formasında miqrasiya qaydaları qəbul edir.

Ələt Azad İqtisadi Zonası və müvafiq qanunvericilik beynəlxalq praktikaya uyğun olaraq investorların ən yaxşı maraqlarını müdafiə etməyi hədəfləyir. Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya Azad Zonanın səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla, özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

Azad Zona hüquqi şəxsləri, onların investor və səhmdarları, habelə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda nəzərdə tutulduğu hallarda Azad Zona rezidentləri Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.

Azad Zona hüquqi şəxslərinin, onların işçilərinin, investor və səhmdarlarının, habelə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi qaydalarda nəzərdə tutulduğu hallarda Azad Zona rezidentlərinin heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır.

 

  1. Ələt Azad İqtisadi Zonasında mübahisələrin həlli üsulu

 

İqtisadi və biznes münasibətlərinin sürətlə inkişaf etməsi səbəbilə investisiya və kommersiya mübahisələrinin asan və səmərəli həll üsulu kimi Arbitraj son illərdə xüsusi əhəmiyyət kəsb edir. Ələt Azad İqtisadi Zonasında mübahisələrin başlıca həll üsulu kimi Arbitraj nəzərdə tutulur.

Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində mübahisələrin həlli qurumlarının fəaliyyətinin təmin edilməsi, onlar tərəfindən mübahisələrə baxılması və mübahisələrin həlli ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədi ilə daxili qaydalar formasında mübahisələrin həlli qaydalarını qəbul edir. Bununla belə, Azad Zona səlahiyyətli qurumu aşağıdakılardan bir və ya bir neçəsinin yaradılmasını təmin edir:

  • Arbitraj mərkəzi;
  • mübahisələrin digər həlli qurumu.

Arbitraj mərkəzi və ya mübahisələrin digər həlli qurumları Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, Azad Zona rezidentlərinin mübahisələrinin və ya Azad Zona və onun fəaliyyəti ilə bağlı olan hər hansı digər mübahisənin həlli və təfsiri üçün müstəsna yurisdiksiyaya malikdirlər (tərəflərin müqavilə ilə başqa cür razılaşdığı hallar istisna olmaqla).

Bununla belə, əsas iqtisadiyyat məhkəmələri Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, Azad Zona rezidentlərinin tərəfi olduqları mübahisələrə və ya Azad Zona və onun fəaliyyəti ilə bağlı olan hər hansı digər mübahisəyə, Qanunda göstərilən hallar istisna olmaqla, baxmaq səlahiyyətinə malik deyildir (tərəflərin müqavilə ilə başqa cür razılaşdığı hallar istisna olmaqla).

Bundan başqa, Azad Zona mübahisələrin həlli qurumlarının müstəsna yurisdiksiyasına aid edilən məsələlərə əsas iqtisadiyyatın məhkəmə orqanları və mübahisələrin digər həlli qurumları tərəfindən baxıla bilməz. Azad Zona mübahisələrin həlli qurumları tərəfindən qəbul edilmiş qərarlar icra sənədi hesab edilir və bu qərarlar, Azad Zona apellyasiya qurumları istisna olmaqla, digər məhkəmə və ya arbitraj tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.

Qeyd etmək lazımdır ki, Azad Zonanın mübahisələrin həlli qurumları tərəfindən qəbul edilən qərarlar Azad Zonada və əsas iqtisadiyyatda hər hansı bir tanınma və ya təsdiqləmə olmadan icra edilir. Bununla belə, mübahisələrin həlli qurumlarının müstəsna yurisdiksiyasına aid edilən işlər istisna olmaqla, əsas iqtisadiyyatın məhkəmə və mübahisələrin digər həlli qurumları tərəfindən qəbul edilmiş qərarlar Azad Zonada icra olunur.

Xarici məhkəmə, tribunal, digər məhkəmə orqanları və ya arbitraj tərəfindən Azad Zonanın ərazisində fəaliyyətdən irəli gələn mübahisə ilə bağlı qəbul edilmiş qərarların icrası isə Azad Zonada həyata keçirilən fəaliyyətlə və ya orada yerləşən əmlak və aktivlərlə məhdudlaşır. Bu qərarlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, beynəlxalq müqavilələr olmadıqda isə Azad Zona səlahiyyətli qurumunun qərarı ilə icra olunur.

 

  1. Ələt Azad İqtisadi Zonasının daxili qaydaları

 

Azad Zona səlahiyyətli şəxslərinin qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun gələn, Azad Zonada aşağıdakı sahələrdə tətbiq olunan məcburi xarakterli daxili qaydaları qəbul etmək hüququ vardır:

  • Azad Zona hüquqi şəxslərinin və Azad Zona inzibati müəssisələrinin fəaliyyəti;
  • maliyyə və sığorta xidmətləri;
  • torpaq münasibətləri;
  • gömrük işi;
  • əmək münasibətləri;
  • miqrasiya;
  • vergi tənzimlənməsi;
  • valyuta əməliyyatları aparmaq azadlığı;
  • müflisləşmə və iflas;
  • notariat fəaliyyəti;
  • əqli mülkiyyət;
  • ətraf mühit;
  • rəqabət;
  • mənşə sertifikatları;
  • mübahisələrin həlli;
  • çirkli pulların yuyulması və “öz müştərini tanı” yoxlaması;
  • zəruri hesab etdiyi digər sahələr.

 

Əlverişli şərtlərlə biznes qurmaq və fürsətlərdən yararlanmaq üçün e-poçt və mobil nömrə ilə bizimlə əlaqə saxlaya bilərsiniz:

[email protected]+994 50 289 89 73