Xidməti əsər və müəlliflik hüququ ilə bağlı rəsmi şərhlər
Xidməti əsər və müəlliflik hüququ ilə bağlı rəsmi şərhlər

Hazırki şərh “Caspian Legal Center”in “Müəlliflik hüquqları və bəzi əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (“Qanun”) bağlı sorğusu üzrə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəsmi cavabı əsasında tərtib edilmişdir.

Xidməti əsər və müəlliflik hüququ ilə bağlı rəsmi şərhlər 

(12 sual – 12 cavab) 

Aşağıdakı sual-cavab formatlı rəsmi şərh “Caspian Legal Center”in “Müəlliflik hüquqları və bəzi əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (“Qanun”) bağlı sorğusu üzrə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəsmi cavabı əsasında tərtib edilmişdir: 

Sual 1: Qanunun 13-cü maddəsinə əsasən, işəgötürən və işçi arasında xidməti əsərlə bağlı münasibətlərin tənzimlənməsi müqavilə üzrə baş verir. Bu maddədəki “müqavilə” anlayışı əmək müqaviləsini də əhatə edirmi?

Cavab 1: Bəli, Qanunun 13-cü maddəsinin ikinci hissəsində verilən “müqavilə” anlayışı “əmək müqaviləsi” anlayışını da əhatə edir. Lakin qeyd edilməlidir ki, əmək müqaviləsi xüsusi növ müqavilədir, o, müəllif müqaviləsindən və digər mülki-hüquqi müqavilələrdən fərqli xüsusiyyətlərə malikdir. Bu baxımdan Qanunun göstərilən maddəsinin 2-ci hissəsində verilən “müqavilə” anlayışının təfsiri onun tənzimlədiyi məsələlərdən asılıdır.

Qeyd edilənlərdən göründüyü kimi, Qanunun 13-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan “müqavilə” anlayışı tərəflərə dispozitiv tənzimləmə imkanı verir. 

Sual 2: Xidməti əsərə dair münasibətlərin tənzimlənməsi üçün əmək müqaviləsi kifayətdirmi, yoxsa ayrıca müəllif müqaviləsi bağlanılmalıdır?

Cavab 2: 13-cü maddənin məzmununa görə müəllif-hüquq məsələlərinə dair bütün zəruri şərtlər daxil edilməklə (məsələn, qonorarın həcmi, verilmə qaydası, əsərdən istifadə şərtləri və s.) xidməti əsərin yaradılması və istifadəsi ilə bağlı işəgötürən və işçi arasında münasibətlər əmək müqaviləsi çərçivəsində tənzimlənə bilər. Bu, Qanunun müddəalarına zidd deyil. Burada önəmli məqam odur ki, müəllif müqaviləsi üçün zəruri olan elementlər əmək müqaviləsinin müvafiq bəndlərində əks etdirilmiş olsun. 

Bununla belə, beynəlxalq təcrübədə olduğu kimi xidməti əsərin yaradılması və istifadəsi sahəsində işəgötürən və işçi arasında ayrıca müəllif müqaviləsinin bağlanılması daha məqsədəuyğun sayılır.

Sual 3: 13-cü maddəyə əsasən, xidməti əsərdən istifadə üsulları siyahısına xidməti əsərin təkrar nəşri, başqa dilə tərcüməsi, yenidən işlənməsi və s. aiddir. “Xidməti əsərdən istifadə” anlayışı necə şərh edilməlidir? 

Cavab 3: Qanunun 13-cü maddəsinin 2-ci hissəsinin 2-ci abzasında sadalanan istifadə forma və üsulları qapalı siyahı deyil. Yəni həmin maddədə göstərilənlərlə yanaşı, başqa istifadə üsulları da mümkündür.

Bu səbəbdən “xidməti əsərdən istifadə” anlayışı geniş mənada başa düşülməlidir: işəgötürən xidməti əsərdən qanunun icazə verdiyi istənilən forma və üsulla, o cümlədən Qanunun 15-ci maddəsinin 2-ci hissəsində sadalanan üsullarla (surətin çıxarılması, yayılması, kirayəyə verilməsi, ictimaiyyətə nümayiş etdirilməsi və s.) istifadə edə bilər.

Sual 4: Xidməti əsərin (bu sualda kompüter proqramının) işəgötürənin təşəbbüsü ilə müəssisə daxilində gəlir götürmədən istifadəsi (surətini çıxarmaq, yaymaq və s.) 13-cü maddə çərçivəsində “istifadə” anlayışı ilə əhatə olunurmu? Bu halda 13-cü maddənin 3-cü hissəsi (xidməti əsər üç il istifadəsiz qaldıqda müstəsna hüquqların müəllifə qayıtması) tətbiq olunurmu?

Cavab 4: Xidməti tapşırıq əsasında yaradılan əsərin (kompüter proqramının) müəllifi ilə işəgötürən arasında bağlanmış müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, həmin əsərdən (kompüter proqramından) istifadəyə müstəsna hüquqlar işəgötürənə məxsusdur (Qanunun 13-cü maddəsinin 2-ci hissəsi). Buna görə də işəgötürən həmin əsərdən öz mülahizəsi ilə istənilən yerdə, o cümlədən rəhbərlik etdiyi müəssisə daxilində müxtəlif formada və üsulla istifadə (gəlir götürmədən istifadə daxil olmaqla) edə bilər. Göründüyü kimi, burada “istifadə” anlayışı xidməti əsərdən (kompüter proqramından) gəlir götürmədən müəssisə daxilində istifadəni də əhatə edir.

Qanunun 15-ci maddəsində əsərdən istifadənin müxtəlif forma və üsulları (surətinin çıxarılması, orijinalının və ya surətinin satış yolu ilə yayılması, kirayəyə verilməsi və s.) nəzərdə tutulsa da, onların heç biri mütləq şərt kimi götürülmür. Xidməti əsərin (kompüter proqramının) müəssisə daxilində iqtisadi və ya funksional məqsədlə tətbiqi artıq istifadə sayılır və bu cür istifadə Qanunun 13-cü maddəsinin 3-cü hissəsinin tətbiqini istisna edir.

Sual 5: Qanunun 24-cü maddəsinin 1-ci hissəsinə əsasən, kompüter proqramını qanuni əsasda əldə edən şəxs müəllifin razılığı olmadan və müəllif haqqı vermədən bir sıra hüquqları həyata keçirə bilər. Eyni maddənin “a” bəndi kompüter proqramının təyinatına uyğun şəkildə işlənməsi ilə bağlı hər hansı bir hərəkəti etmək, o cümlədən yazılma və kompüterin yaddaşında saxlamaq hüququnu ehtiva edir. Xidməti kompüter proqramının işəgötürən tərəfindən müəssisə kompüterlərinə yüklənməsi buradakı “kompüterin yaddaşında saxlamaq” ifadəsi ilə əhatə edilirmi?

Cavab 5: Bəli, işəgötürənin xidməti tapşırığı əsasında yaradılan və müəssisə daxilində istifadə edilən kompüter proqramı serverlərə və əməkdaşların xidməti istifadəsində olan kompüterlərinə yüklənə bilər. Bu əməliyyatlar kompüterin “yaddaşında saxlanma” sayılır.

Beləliklə, kompüter proqramını qanuni əsasda əldə edən işəgötürən işçinin və digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən onu kompüterin yaddaşında saxlaya bilər.

Sual 6: Qanunun 24-cü maddəsinin 1-ci hissəsinin “a” bəndindəki hüquqların siyahısı müəllif və işəgötürənin razılığı ilə genişləndirilə bilərmi?

Cavab 6: Bəli, kompüter proqramının təyinatına uyğun şəkildə işlənməsini təmin etmək məqsədilə Qanunun 24-cü maddəsinin 1-ci hissəsinin “a” bəndində göstərilən hərəkətlərin siyahısı genişləndirilə bilər. Bu şərtlə ki, kompüter proqramından hər hansı formada və üsulla istifadə edilməsi onun təyinatı üzrə normal istifadəsinə mane olmasın, işəgötürənin və müəllifin (işçinin) qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmasın, habelə müəllifin şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozulmasın.

Sual 7: Kompüter proqramının “upgrade” (təkmilləşdirilməsi) və ya “update” (yenilənməsi) prosesləri əsərin “yenidən işlənməsi” anlayışından hər hansı birinə uyğun gəlirmi? Qanunun 24-cü maddəsinin 1-ci hissəsinin “a” bəndindəki hərəkətlər “update”i və ya “upgrade”i ehtiva edirmi?

Cavab 7: Kompüter proqramının təkmilləşdirilməsi (upgrade) və yenilənməsi (update) anlayışları bir-birindən fərqli mənalar daşıyır. “Upgrade” dedikdə kompüter proqramının yeni və daha mükəmməl versiyasının yaradılması başa düşülür, bu zaman proqramın əsas təyinatı saxlanılsa da, onun funksiyaları genişləndirilir və daxili strukturu təkmilləşdirilir. “Update” anlayışı isə kompüter proqramının mövcud versiyası üzərində səhvlərin düzəldilməsi və kiçik dəyişikliklərin aparılması mənasında işlədilir, əsasən texniki xarakter daşıyır.

Bu prosesi ədəbi əsərin yenidən işlənilərək təkmilləşdirilməsi ilə müqayisə etmək olar. Məsələn, romanın, povestin, pyesin müəllifin özü tərəfindən əlavə və ya dəyişiklik edilərək yenidən nəşr olunması kimi. Lakin ədəbi əsərin təkmilləşdirilməsi məqsədilə əlavə fəslin və ya bölmənin artırılması, habelə yeni abzas və cümlələrin əlavə edilməsi yaradıcı xarakter daşıyır. Kompüter proqramına münasibətdə bu dəyişikliklər (əlavələr) texniki və funksional mahiyyət daşıyır, müvafiq standartlara uyğun aparılır. Yaradıcılıqda isə standartlar olmur.

Göründüyü kimi, proqram təminatının “upgrade” və “update” prosesləri ilə ədəbi əsərin yenidən işlənilməsi arasında bəzi oxşarlıqlar olsa da, ciddi fərqli xüsusiyyətlər mövcuddur. Bu səbəbdən əsərin yenidən işlənməsi kompüter proqramının təkmilləşdirilməsi (upgrade) və ya yenilənməsi (update) proseslərindən hər hansı birinə uyğun gəlmir.

Sual 8: 13-cü maddəyə əsasən, əsərin müəllifinin xidməti əsərdən istifadəyə görə qonorar almaq hüququ var. Müəllif qonorardan könüllü şəkildə imtina edərsə, bu, müqavilədə necə əks olunmalıdır?

Cavab 8: Müəllifin qonorardan könüllü imtina etməsi müqavilədə ayrıca göstərilməlidir. 

İlk olaraq, müqavilədə müəllif qonorarı ilə bağlı müddəanın olmaması qonorardan imtina kimi başa düşülmür. Belə ki, Qanunun 15-ci maddəsinin 4-cü hissəsində əsərdən istifadənin hər növünə görə müəllifin qonorar almaq hüququ təsbit edilmişdir və həmin Qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla, əsərdən istifadəyə görə müəllif qonorarının ödənilməsi imperativ norma kimi nəzərdə tutulur. Odur ki, xidməti əsərin yaradılması üçün müəllif (işçi) könüllü olaraq qonorardan imtina edirsə, lakin bu barədə əmək müqaviləsində şərt yoxdursa, o zaman müqavilədə dəyişiklik edilməli və ya xidməti əsərin yaradılmasına görə müəllifin (işçinin) qonorardan imtina etməsinə dair ayrıca müəllif müqaviləsi bağlanılmalıdır.

Eyni zamanda bildiririk ki, müqavilədə qonorarın həcminin/miqdarının "0" kimi göstərilməsi Qanunun 15-ci maddəsinin tələblərinə zidd sayılmır. Lakin bu yazılış forması qonorardan imtina barədə müəllifin iradəsini aydın şəkildə ifadə etmədiyinə görə müqavilədə hər kəsin başa düşdüyü formada, məsələn, “müəllifin özünün razılığı ilə xidməti əsərin yaradılmasına görə qonorar ödənilmir” və ya “müəllif xidməti əsərin yaradılmasına görə qonorar tələb etmir”, yaxud “xidməti əsərdən istifadəyə görə qonorar ödənilməsi barədə məsələlər işəgötürən və işçi arasında bağlanan müəllif müqaviləsi ilə tənzimlənir” kimi qeydlərdən birinin yazılması tövsiyə olunur. 

Həmçinin xidməti əsərin yaradılması ilə bağlı münasibətlər əmək müqaviləsi çərçivəsində tənzimləndiyi hallarda müəllif müqaviləsinin şərtlərini və formasını müəyyən edən Qanunun 31-ci maddəsinin tələbləri gözlənilməlidir. 

Sual 9: Sözügedən qonorarın əmək haqqına əlavə edilməsi/əmək haqqı daxilində ödənilməsi maddənin tələblərinə uyğundurmu?

Cavab 9: Xidməti əsərin yaradılmasına və istifadəsinə görə qonorar əmək haqqına (tarif (vəzifə) maaşına) əlavə olunub ödənilə bilər. Bu şərtlə ki, əmək müqaviləsində əsərdən istifadənin hər növünə görə qonorarın məbləği, ödəniş qaydaları müddəti, qonorardan qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlərin (gəlir vergisi, sosial sığorta haqqı və s.) tutulması şərtləri və qaydası dəqiq göstərilmiş olsun. 

Lakin nəzərə alınmalıdır ki, qanunvericilikdə “əmək haqqı” və “müəllif qonorarı” anlayışları bir-birindən fərqli məzmun daşıyır. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinin məzmununa görə “əmək haqqı” dedikdə “müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin” məcmusu başa düşülür. “Qonorar” anlayışı isə əsərin yardılmasına və ya ondan istifadəyə görə müəllifə (müəlliflik hüququnun digər sahibinə) pul şəklində verilən mükafatı və ya daimi əmək haqqından fərqli olaraq əsərin yaradılması üçün müəllif haqqı kimi ödənilən məbləği bildirir. 

Bu da qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən royaltidən gəlir həmin Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edildikdə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.4-cü maddəsində isə müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər tərəfindən ödəmə mənbəyindən tutulmaqla, hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməsi müəyyən edilmişdir. 

Göründüyü kimi, müəllif qonorarından (royaltidən) tutulan məcburi ödənişlərin (gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı) dərəcələri əmək haqqından tutulan məcburi ödənişlərin dərəcələrindən fərqlidir. Buna görə də müəllifin ədalətli qonorar almaq hüququnun və bu sahədə şəffaflığın təmin olunması məqsədilə müəllif qonorarının əmək haqqına daxil edilməsi Qanunun 13-cü, 15-ci maddələrinə və Əmək Məcəlləsinin müddəalarına zidd olmasa da, məqsədəuyğun sayılmır.

Sual 10Müəllif “qarşı çıxmaq hüququ”ndan müqavilə ilə imtina edə bilərmi? Müqavilədə bu barədə müddəanın olmaması həmin hüququndan imtinaya bərabər sayılırmı?

Cavab 10: Xeyr, uyğun deyil. Qanunun 14-cü maddəsinin 1-ci hissəsinin “v” bəndində müəllifin qarşı çıxmaq hüququ, yəni əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ) təsbit olunub. Göstərilən maddənin 2-ci hissəsində isə qeyd edilir ki, “şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq, müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır”.

Qanunun 14-cü maddəsinin müddəalarından göründüyü kimi, müəllifin qarşı çıxmaq hüququ onun əmlak hüquqlarından asılı deyil. Roman-german (kontinental) hüquq sisteminin prinsiplərinə görə də müəllif şəxsi (qeyri-əmlak) hüquqlardan imtina edə bilməz. Bu prinsip Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 6bis maddəsi ilə uyğunluq təşkil edir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycanda mövcud praktikada müəllifin şəxsi (qeyri-əmlak) hüquqlarından, o cümlədən qarşı çıxmaq hüququndan imtina etməsi barədə nümunə yoxdur. Müqavilədə “qarşı çıxmaq hüququ”ndan imtina edilməsi barədə müddəanın olmaması isə müəllifin bu hüququndan imtinası mənasını daşımır. Lakin Anglo-sakson hüquq sistemində (məsələn, Birləşmiş Krallıqda və ABŞ-da bəzi hallarda) müəllif şəxsi (qeyri-əmlak) hüquqlarından tam və ya qismən imtina edə bilər. Bu halda imtina yazılı müqavilə ilə rəsmiləşdirilməlidir.

Sual 11Xidməti əsər müəllifinin müstəsna hüquqları işəgötürənə keçdikdən sonra 14-cü maddənin 3-cü hissəsindəki imtina hüququ (əsərin açıqlanmasından imtina) müəllifdə qalırmı?

Cavab 11: Mübahisəli məsələdir və birmənalı cavab vermək çətindir. Xidməti əsərdən istifadəyə müstəsna (əmlak) hüquqları işəgötürənə məxsus olsa da, Qanunun 14-cü maddəsinin müddəalarına əsasən müəllifin əsərin açıqlanması barədə əvvəllər qəbul edilmiş qərardan imtina etmək hüququ saxlanılır. Çünki bu hüquq müəllifin şəxsi (qeyri-əmlak) hüquqları sırasına daxildir və əmlak hüquqlarının başqasına verildiyi hallarda da ona məxsusdur. İşəgötürən tərəfindən müqavilə üzrə və ya Qanunda müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi, o cümlədən qonorar ödənilməməsi də xidməti əsər müəllifinin Qanunla müəyyən edilmiş əsərin açıqlanması haqqında əvvəllər qəbul edilmiş qərardan imtina etməsi üçün əsasdır.

Bununla belə xidməti əsər müəllifinin imtina hüququnun həyata keçirilməsi işəgötürənin qanuni maraqlarına zidd olduqda və ya imtinaya ciddi hüquqi əsaslar (məsələn, əsərin açıqlanması nəticəsində müəllifin ad hüququ pozulmayıbsa, yaxud onun şərəf və ləyaqətinə xələl gətirə bilən hərəkətə (hərəkətsizliyə) yol verilməyibsə və s.) olmadıqda məhkəmə müəllifin imtina hüququnun təmin edilməsi barədə iddianı təmin etməyə bilər. Odur ki, belə mübahisələrin mümkünlüyü ehtimalını nəzərə alaraq xidməti əsərin yaradılması barədə müəllif (işçi) tərəfindən əsərin açıqlanmasından imtina edildiyi halda bunun şərtləri müqavilədə (əmək müqaviləsi daxil olmaqla) dəqiq göstərilməlidir.

Sual 12Müəllif imtina hüququndan müqavilə ilə imtina edə bilərmi? İstifadəçinin əsər üzərindən qazanacağı gəlir və imtina hüququ tətbiq edildiyi halda dəyəcək zərər əvvəlcədən müqavilə ilə razılaşdırıla/müəyyən edilə bilərmi?

Cavab 12: 11-ci sualın cavabından aydın olur ki, Qanunun 14-cü maddəsinə əsasən müəllif imtina hüququndan həmişə istifadə edə bilər. İstifadəçinin əsərin istifadəsindən qazanacağı gəlirin və ya ona dəyəcək zərərin əvvəlcədən razılaşdırılması/müəyyən edilməsi ilə bağlı isə bildiririk ki, aşağıda qeyd edilən müddəalar əvvəlcədən müqaviləyə daxil edilə bilər:

— əsərin hazırlanmasına, daşınmasına, satışının həyata keçirilməsinə və s. işlərə görə istifadəçinin çəkdiyi və ya çəkəcəyi ağılabatan xərclərin sənədlərlə təsdiq edilməsi ilə bağlı öhdəliyi barədə;

— əsərin istifadə üsulları (hər bir istifadə üsuluna görə tariflər nəzərə alınmaqla), o cümlədən sabit satış qiyməti və nüsxələrin sayı barədə;

— ümumi gəlirdən çəkilən xərclər və qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər çıxıldıqdan sonra qalan və qala biləcək vəsaitin məbləği barədə məlumatların müəllifə təqdim edilməsi öhdəliyi barədə.

Qeyd: Bu yazı hüquqi məsləhət və ya rəy hesab edilməməlidir. Caspian Legal Center yalnız yazılı qaydada və konkret müştəri üçün təhlil edilərək hazırlanmış məsləhət və rəyə görə hüquqi məsuliyyət daşıyır. 

Müəlliflik hüququ və əqli mülkiyyət hüququ ilə bağlı sual və xidmət sorğularını aşağıdakı əlaqə vasitələri ilə bizə yönləndirə bilərsiniz: [email protected]; +994 50 289 89 73

 

Oxşar Yazılar

Azərbaycana girişə qadağa:  Əcnəbilərə tətbiq olunan məhdudlaşdırmanı necə aradan qaldırmaq olar?

Azərbaycana girişə qadağa: Əcnəbilərə tətbiq olunan məhdudlaşdırmanı necə aradan qaldırmaq olar?

Hazırda Azərbaycan Respublikası tanınmış bir iş və turizm məkanı olaraq daha çox maraq qazandığın...

Dec 06, 2019
Arbitraj məhkəmələrinin qərarlarının tanınmasından  hansı hallarda imtina edilə bilər?

Arbitraj məhkəmələrinin qərarlarının tanınmasından hansı hallarda imtina edilə bilər?

Konstitusiya Məhkəməsi xarici arbitraj qərarlarının tanınması ilə bağlı bəzi məqamlara aydınlıq g...

May 15, 2019
Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları

Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları

zərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə “Azərbaycan ...

May 13, 2020
İnvestisiya yolu ilə Azərbaycan rezidentliyi

İnvestisiya yolu ilə Azərbaycan rezidentliyi

Azərbaycan yaşamaq, işləmək və bizneslə məşğul olmaq üçün cəlbedici yer kimi xarici əcnəbiləri, i...

Jul 29, 2024