Azərbaycan Respublikasının Əmək Məcəlləsinə bir sıra əhəmiyyətli dəyişikliklər edilmişdir. 12 avqust 2024-cü ildən etibarən qüvvəyə minmiş dəyişikliklər əsasən əmək münasibətlərinin yaranması və xitamı məsələlərindəki yenilikləri əhatə edir.
İşəgötürənlər üçün müəyyən edilmiş yeni əsas vəzifələr
Qeyd edilən dəyişiklərə əsasən, işəgötürənin əsas vəzifələrində də bəzi əlavələr edilmişdir. Belə ki, işəgötürənin üzərinə işçinin sadəcə icbari tibbi sığortası deyil, həmçinin məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası üzrə də sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək vəzifəsi qoyulmuşdur.
Əlavə olaraq, əmək qanunvericiliyinə “ştat (ştat vahidi)” kimi yeni anlayış daxil edilmişdir. Ştat (ştat vahidi) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və yaxud qanunla müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid olaraq müəyyən edilmişdir. Bu anlayışın daxil edilməsi ilə, elektron informasiya sisteminə strukturuna, peşə və vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərini daxil etmək işəgötürənin əsas vəzifələrinə əlavə edilmişdir.
Əmək müqaviləsinin bağlanılmasının forması və hüquqi qüvvəyə minməsi
Əmək müqaviləsinin bağlanılmasının formasında da dəyişiklik edilmişdir. Belə ki, əmək müqaviləsi artıq əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş vəzifələrdə şəxslərlə yazılı formada bağlanması nəzərdə tutulan əmək müqavilələri istisna olmaqla, elektron sənəd formasında bağlanılır. Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan, təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan, seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan, prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr, eləcə də, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələrdə əmək müqaviləsi yazılı formada bağlanır.
Ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri bu qanunla müəyyən edilmiş qaydada elektron sənəd formasında əmək müqaviləsi bağlanılmaqla tənzimlənir.
Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilməlidir. Bu dəyişikliklərin qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçirilir.
Bu cür əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması, işçinin əmək fəaliyyəti haqqında məlumatların qeydə alınması, eləcə də onlar barədə məlumatların arxivləşdirilməsi elektron informasiya sistemi vasitəsilə təmin edilir. Müvafiq qanun dəyişikliyinə qədər işçilərin haqq-hesab sənədlərində göstərilməli olan məlumatların verilməsi də elektron informasiya sistemi vasitəsilə təmin edilir.
Müvafiq olaraq, işçilər belə əmək müqaviləsi bağlanarkən sadəcə şəxsiyyət vəsiqəsini təqdim edir. Yalnız qanunvericiliklə yazılı formada əmək müqaviləsi bağlanması nəzərdə tutulan şəxslər əlavə olaraq əmək kitabçasını da təqdim etməlidir. Bundan əlavə, işəgötürən tərəfindən aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan sənədlərin tələb edilməsi qadağan edilir.
Maraqlı, sistem xarakterli bir dəyişiklik əmək müqaviləsinin kollektiv qaydada bağlanılmasının və müvafiq olaraq, belə əmək müqavilələrini tənzimləyən normaların ləğv edilməsidir.
Digər dəyişiklik əmək qanunvericiliyində əmək müqaviləsi bildirişi anlayışının ləğv olunmasıdır. Müvafiq olaraq, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra deyil, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranmış hesab edilir. Bu dəyişiklik özünü əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı qaydalarda da əks etdirir. Belə ki, qanunvericilik ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Müvafiq qanuna uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi isə Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və 4 nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.
Əmək müqaviləsinə xitam verilməsi
Digər bir dəyişikliyə görə isə sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl kağız daşıyıcıdan əlavə həm də elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməklə əmək müqaviləsini ləğv edə bilər. Eləcə də, işəgötürənin əmək şəraitinin şərtlərini dəyişdirməsi, işçinin müvafiq bildiriş müddətini gözləməklə əmək müqaviləsinə xitam verməsi, bu barədə ərizəsini geri götürməsi və digər hallarda qarşı tərəfə məlumatları (bildirişi) həm də elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq edə bilər.
Əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla) müəyyən edilə bilməz.
Müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dəyişiklik edilmişdir. Müddətli əmək müqaviləsinə xitam vermək üçün xəbərdarlıq verilməsi müddəti əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış müəyyən edilmişdir. Tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya qanunla müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əgər işçiyə qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmişdirsə, işçinin müəyyən üzrlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işəgötürən tərəfindən işçi işə çıxdığı gün xitam verilə bilər. Əmək kitabçası ilə bağlı normalar, eləcə də əmək kitabçasının sonuncu iş günü işçiyə verilmsi tələbi yalnız qanunla müəyyən edilən hallarda əmək müqaviləsinin kağız daşıyıcıda bağlanması müəyyən edilən şəxslərə münasibətdə tətbiq edilir.
Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
Dəyişikliklərə əsasən, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə müvafiq qanunda müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar müəyyən edə bilər. Əgər belə qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda qanunla nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmununda bir sıra dəyişikliklər də edilmişdir.
Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması
Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması üzrə dəyişikliklər edilmişdir. Dəyişikliklərə görə əmək müqaviləsinin 1.1-ci bəndi yeni redaksiyada verilir. Fiziki şəxs olan işəgötürən haqqında məlumtlardan sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriyası, nömrəsi, verildiyi tarix və şəxsiyyət vəsiqəsini verən orqanın adı çıxarılmışdır. İşçilər haqqında məlumatlardan vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, verildiyi tarix və onu verən orqanın adı, eləcə də, təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı çıxarılmışdır. Əlavə olaraq, əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər haqqında sosial sığorta nömrəsi (SSN) də istisna edilmişdir.
Əmək müqaviləsinin nümunəvi formasına həmçinin bu qanundakı dəyişikliklərə uyğun uzlaşdırma xarakterli əlavələr edilmişdir.
Əlavə suallar və məsləhət almaq üçün Caspian Legal Center şirkətinin hüquqşünasları ilə əlaqə saxlaya bilərsiniz: [email protected] (050 289 89 73)