Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən yeni qanun qəbul edilmişdir. Qanun kraudfandinq platformaları və layihə sahibləri üçün ətraflı öhdəliklər müəyyən edir, habelə Azərbaycanda kraudfandinq fəaliyyəti üzərində Mərkəzi Bank tərəfindən dövlət nəzarətinin həyata keçirilməsini nəzərdə tutur.
24 iyul 2026-cı il tarixində dərc edilmiş Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Qanun”) 24 yanvar 2027-ci il tarixində qüvvəyə minəcəkdir.
Ümumi və Yekun müddəalar daxil olmaqla yeddi fəsildən ibarət olan Qanun kraudfandinq platformaları və onların operatorlarının fəaliyyəti, layihə sahibi və operatorun investorlar qarşısında məsuliyyəti, səhm və borc əsaslı kraudfandinq və bu fəaliyyət üzrə dövlət nəzarəti məsələlərini tənzimləyir.
Preambulasına görə, Qanun iqtisadi fəaliyyət subyektləri üçün biznes aktivliyini artıran alternativ maliyyələşmə imkanları yaratmaq və maliyyələşmədə iştirak edən investorların hüquqlarını qorumağı hədəfləyir.
Operator məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyəti ola bilər. Onun əsas fəaliyyəti kraudfandinq platformalarının idarə edilməsindən ibarətdir və bu fəaliyyətə yalnız operator Mərkəzi Bankın müvafiq reyestrinə daxil edildikdən sonra başlaya bilər. Qanun operatorların minimum nizamnamə və məcmu kapitalına, korporativ idarəetməsinə, daxili nəzarət sisteminə, maraqlar münaqişəsinin qarşısının alınmasına, habelə mühüm iştirak payı sahibləri və idarəetmə funksiyalarını həyata keçirən şəxslərə dair tələbləri müəyyən edir.
Platformalar texniki və təhlükəsizlik tələblərinə cavab verməli, operatorun fəaliyyəti, xidmət haqları, risklər və yerləşdirilən layihələr barədə investorların tam və aydın şəkildə məlumatlandırmalıdır. Eyni zamanda operator investorların və layihə sahiblərinin maraqlarını qorumaq, məlumatların məxfiliyini təmin etmək, platformanın təhlükəsiz və fasiləsiz fəaliyyətini təşkil etmək, habelə qanunla müəyyən edilmiş hallarda kampaniyanı dayandırmaq və ya ləğv etmək öhdəliyi daşıyır.
Qanuna əsasən, layihə sahibi platformada yerləşdirilən məlumatların tamlığı və düzgünlüyünə, habelə kraudfandinq layihəsinin həyata keçirilməsinə görə investorlar qarşısında məsuliyyət daşıyır. Layihənin eyni vaxtda birdən çox platformada yerləşdirilməsinə yol verilmir.
Fərdi investorların maraqlarının qorunması məqsədilə bir sıra təminatlar da nəzərdə tutulur. Belə ki, fərdi investorlar üçün investisiya limitləri Mərkəzi Bank tərəfindən müəyyən ediləcək, investisiya qərarının yenidən qiymətləndirilməsi üçün yeddi günlük düşünmə dövrü tətbiq olunacaqdır. Bundan əlavə, kampaniya uğursuz olduqda və ya qanunda nəzərdə tutulan digər hallarda investorlardan toplanmış vəsaitlərin geri qaytarılması təmin edilir.
Qanun kraudfandinqin iki növünü – səhm və borc əsaslı kraudfandinqi tənzimləyir. Səhm əsaslı kraudfandinq yalnız səhmdar cəmiyyətləri tərəfindən əlavə səhmlərin buraxılması yolu ilə həyata keçirilə bilər. Borc əsaslı kraudfandinq isə yalnız istiqraz buraxılışı vasitəsilə mümkündür. Hər iki halda kampaniyanın keçirilməsi, qiymətli kağızların yerləşdirilməsi və investisiyaların həyata keçirilməsi üçün xüsusi prosedurlar müəyyən edilmişdir.
Kraudfandinq sahəsində dövlət tənzimlənməsi və nəzarəti Mərkəzi Bank tərəfindən həyata keçiriləcəkdir. Mərkəzi Bank operatorların reyestrini aparacaq, onların fəaliyyətinə nəzarət edəcək, normativ tələbləri müəyyən edəcək, pozuntular aşkar edildikdə icrası məcburi göstərişlər vermək, platformanın fəaliyyətini dayandırmaq və qanunda nəzərdə tutulmuş hallarda operatoru reyestrdən çıxarmaq səlahiyyətinə malik olacaqdır.
Qanunun qəbulu ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa da dəyişikliklər edilmişdir.
İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 416-1-ci maddə ilə kraudfandinq sahəsində törədilən bir sıra hüquqpozmalara görə inzibati məsuliyyət müəyyən edilmişdir. Belə ki, operator tərəfindən açıqlanmalı məlumatların açıqlanmaması, Mərkəzi Banka təqdim edilməli hesabatların təqdim edilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi, məlumat və sənədlərin saxlanılması qaydalarının, pul vəsaitlərinin idarə olunması qaydalarının, eləcə də kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulması hallarında vəzifəli şəxslər və hüquqi şəxslər üçün müxtəlif məbləğlərdə inzibati cərimələr nəzərdə tutulur.
Bundan əlavə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən əlavəyə əsasən, hüquqi şəxsin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil edilməsi üçün 2750 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.
Nəticədə, kraudfandinq platformalarının operatorları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına (çirkli pulların yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin subyektləri hesab olunacaqlar.
Bu istiqamətdə xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
[email protected], +994 50 289 89 73
2024-cü il yanvarın 23-də Azərbaycan Prezidenti Azərbaycan Respublikasının yeni Rəqabət Məcəlləsi...
Beynəlxalq Vəkillər Kollegiyasının Vergi Yayımlarına töhfəmiz
Mediasiya: Məhkəmə Mübahisələrinin Alternativ Həlli Üsulu
Azərbaycan Respublikasının Ali Məhkəməsi 18 fevral 2026-cı il tarixli qərarı ilə beynəlxalq yük d...