Rəqabəti məhdudlaşdırma cinayəti üzrə dəyişikliklər edilmişdir
Rəqabəti məhdudlaşdırma cinayəti üzrə dəyişikliklər edilmişdir

Rəqabəti məhdudlaşdırma cinayəti üzrə dəyişikliklər edilmişdir

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra mühüm dəyişikliklər edilmişdir. Dəyişikliklər rəqabət mühitinin qorunmasını gücləndirməyi, cinayət tərkiblərində tətbiq olunan məbləğ meyarlarını dəqiqləşdirməyi və mövcud cəzaların daha çevik hüquqi mexanizmə uyğunlaşdırılmasını hədəfləyir.

 

193-1.1-ci maddə (“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması”) üzrə əvvəlki redaksiyada “dörd min manatdan səkkiz min manatadək” cərimə tətbiq olunurdu. Yeni redaksiyada isə cərimə cinayətin predmetinin dəyərinin 50%-dən 70%-inə qədər müəyyən edilir. Bu dəyişiklik məsuliyyətin daha proporsional və iqtisadi göstəricilərə uyğun müəyyən edilməsini təmin edir.

 

199-cu maddə (əvvəlki adı - “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma”) üzrə köhnə redaksiyada cinayətin tərkibinə “təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi, kartel sövdələşməsində iştirak, rəqabətin qarşısının alınmasına, aradan qaldırılmasına və ya məhdudlaşdırılmasına səbəb olan bazar maneələrinin yaradılması, məhdudlaşdırıcı fəaliyyət vasitələrindən istifadə və digər inhisarçılıq hərəkətləri” daxil idi. Yeni redaksiyada isə “Rəqabəti məhdudlaşdırma” cinayətinin tərkibi “rəqabət qanunvericiliyinin pozulması hallarını – o cümlədən üfüqi və şaquli sazişlərin bağlanması, uyğunlaşdırılmış hərəkətlərin edilməsi və hökmran mövqedən sui-istifadə – xeyli miqdarda ziyan vurulduqda və ya əhəmiyyətli gəlir əldə edildikdə” kimi müəyyən edilir. Beləliklə, cinayətin əhatə dairəsi daha məhdudlaşdırılmış və aydınlaşdırılmışdır.

 

Rəqabəti məhdudlaşdırma cinayətinin meyarı, bu əməl ilə əldə edilmiş gəlir və ya vurulmuş zərərin cinayət hesab edilməsi üçün minimal məvləğ 10 000 manatdan 200 000 manata qaldırılmışdır (xeyli miqdar 200 000 manatdan 500 000 manata qədər müəyyən edilir). Paralel olaraq, “külli miqdar” 500.000 manatdan 1.000.000 manata qədər, “xüsusilə külli miqdar” 1.000.000 manatdan yuxarı kimi müəyyən edilir.

 

İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə adlı 73-2 nömrəli maddəyə rəqabəti məhdudlaşdırma cinayətidə daxil olunub. Belə ki, əgər şəxs törətdiyi cinayət nəticəsində vurulmuş ziyanı tam ödəmış və ya əldə etdiyi gəliri tamamilə dövlət büdcəsinə köçürmüşdürsə, həmçinin vurulmuş ziyanın (və ya gəlirin) bir misli qədər əlavə ödəniş etmişdirsə, o, cinayət məsuliyyətindən azad edilir.

 

Bu dəyişikliklər rəqabət qanunvericiliyinin tətbiqini daha çevik və şəffaf edir, məsuliyyəti real iqtisadi göstəricilərə uyğunlaşdırır və ümumilikdə rəqabət mühitinin qorunmasını hədəfləyir. 

 

Oxşar Yazılar

Dövlət Satınalmaları Qanunu Şərh edildi

Dövlət Satınalmaları Qanunu Şərh edildi

Dövlət Satınalmaları Qanunu Şərh edildi

Oct 18, 2022
Nizamnamə kapitalının artırılması təcrübəsində yenilik

Nizamnamə kapitalının artırılması təcrübəsində yenilik

Nizamnamə kapitalının artırılması təcrübəsində yenilik

Apr 30, 2021
Konstitusiya Məhkəməsinin mülki məsuliyyətlə bağlı yeni qərarı

Konstitusiya Məhkəməsinin mülki məsuliyyətlə bağlı yeni qərarı

Konstitusiya Məhkəməsinin mülki məsuliyyətlə bağlı yeni qərarı

Jun 13, 2022