Fərdi məlumatların qorunmasının hüquqi rejimi
Fərdi məlumatların qorunmasının hüquqi rejimi. Fərdi məlumatların qorunmas haqqında qanunvericilik və hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.

 

 

Fərdi məlumatların qorunmasının hüquqi rejimi

 

Azərbaycanda fərdi məlumatlar, onların qorunması, ötürülməsi, məlumat istifadəçilərinin məsuliyyəti və məlumat tənzimləmələrinin digər aspektləri qanunlarla, xüsusən də Azərbaycan Respublikasının Fərdi məlumatlar haqqında Qanunu ilə tənzimlənir. Tənzimləmə baxımından Azərbaycanda fərdi məlumatlar, kommersiya, bank, vergi və dövlət sirri kimi məlumatların fərqləndirilməsinə diqqət yetirilir.

 

Azərbaycanın Fərdi məlumatlar haqqında Qanunu fərdi məlumatları şəxsin şəxsiyyətini birbaşa və ya dolayı yolla müəyyənləşdirməyə imkan verən hər hansı bir məlumat kimi müəyyənləşdirir. Qeyd etmək lazımdır ki, Qanunda göstərilən fərdi məlumatların toplanması və işlənməsi şərtləri insan orqanizminin bioloji xüsusiyyətlərini səciyyələndirən və onun kimliyini birmənalı olaraq müəyyənləşdirməyə imkan verən məlumatların — əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, DNT analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və qüsurlarının təsviri, yazı xətti və imzası, habelə digər biometrik məlumatların toplanılmasına və işlənilməsinə tam həcmdə şamil edilir.

 

Qeyd olunan Qanuna əsasən Fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Azərbaycanda fərdi məlumatların subyekti ona məxsus olan məlumatların məxfilik statusunu dəyişdirmək və məlumatları açıq elan etmək hüququna malikdir. Fərdi məlumatların mülkiyyətçisi və operatorlarının vəzifəsi, əldə etdikləri fərdi məlumatların qorunmasını təmin etməkdir. Bu səbəbdən hüquqi şəxslər, hansı hallarda bu məlumatların mülkiyyətçisi və ya operatoru olduqlarını müəyyənləşdirməli və məlumatların mühafizəsi qaydalarına tabe olmalıdırlar.

 

Hər bir məlumat subyekti kimin, hansı məqsəd və məzmunda onun haqqında məlumatlara malik olduğunu, istifadə etdiyini və ya işlədiyini bilmək, sistemlərdən məlumatların silinməsini / düzəldilməsini tələb etmək, onun barəsində məlumat əldə edən bütün üçüncü şəxslər barədə məlumat almaq və məlumatların saxlanması üçün istifadə olunan məlumat sistemlərinin icazəsi haqqında məlumat almaq hüququna malikdir.

 

Ümumilikdə, Azərbaycan Respublikasının Fərdi məlumatlar haqqında Qanunu, fərdi məlumatların toplanmasına və işlənməsinə yalnız aşağıdakı şərtlərdən biri olduqda icazə verir:

-  subyekt fərdi məlumatların toplanılmasına və işlənilməsinə öz razılığını verdikdə və ya bu məlumatlar açıq kateqoriyalı olduqda;

-  fərdi məlumatlar onların toplanılması və işlənilməsi məqsədlərini və üsullarını müəyyən edən qanunvericilik əsasında işlənildikdə;

-  elmi və statistik tədqiqat məqsədləri üçün fərdi məlumatlar onların mütləq qaydada adsızlaşdırılması aparılmaqla işlənildikdə;

-  fərdi məlumatların toplanılması və işlənilməsi subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olduqda.

 

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş fərdi məlumatların məcburi toplanması və işlənməsi halları istisna olmaqla, hər hansı bir şəxs haqqında fərdi məlumatların toplanmasına və işlənməsinə yalnız subyektin yazılı razılığı ilə icazə verilir. Məlumat subyektinin bu cür yazılı razılığının qanunauyğun razılıq kimi qəbul edilməsi üçün bəzi tələblərə riayət edilməsinin zəruri olduğu da qeyd edilməlidir. Məsələn, bu razılıq ən azından subyektin şəxsiyyətini müəyyənləşdirməyə imkan verən məlumatları, subyektin razılığını alan mülkiyyətçini və ya operatoru müəyyən etməyə imkan verən məlumatları, fərdi məlumatların toplanması və işlənməsi məqsədini, şəxsi məlumatların siyahısını, verildiyi mövzu və onların işlənməsi üzrə əməliyyatları, subyektin razılığının qüvvədə olma müddəti və geri götürülməsinin şərtlərini, toplanmış şəxsi məlumatların saxlnma müddəti bitdikdən sonra və ya subyektin ölümündən sonra silinməsi və ya arxivləşdirilməsi qaydalarını nəzərdə tutmalıdır.

 

Azərbaycanda fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onların saxlanılması yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar tərəfindən verilən xüsusi icazə (lisenziya) əsasında həyata keçirilə bilər. Fərdi məlumatların informasiya sistemi - fərdi məlumatların toplanmasını, işlənməsini və qorunmasını təmin edən informasiya sistemi; fərdi məlumatların informasiya ehtiyatları isə fərdi məlumatların informasiya sistemlərində və ayrıca qanunvericilikdə nəzərdə tutulmuş qaydada və həcmdə digər yerlərdə toplanmış məlumatlar, mənbələr deməkdir.

 

Fərdi məlumatların informasiya sistemləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatına alınmalıdır.

Aşağıdakı fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatı tələb etmir:

- Azərbaycan Respublikasının dövlət sirri haqqında qanunvericiliyinə uyğun olaraq dövlət sirri ilə əlaqəli fərdi məlumatların məlumat sistemi;

- mülkiyyətçi və ya operatorla əmək münasibətlərində olan və ya onların iş ərazisinə daxil olması üçün tələb olunan subyektlərlə əlaqəli fərdi məlumatların məlumat sistemi;

fərdi məlumatların işlənilmə məqsədindən və subyektlərin sayına qoyulan maksimal həddən (1000 subyektdən az) asılı olaraq, dövlət qeydiyyatından keçirilməsi tələb olunmayan hallarda yaradılan fərdi məlumatların informasiya sistemlərinin.

 

Fərdi Məlumatlar haqqında Azərbaycan Resoublikasının Qanununun kommersiya sirri ilə əlaqəli məlumatları əhatə etmədiyi də qeyd edilməlidir. Kommersiya məlumatları ilə bağlı tənzimləmələr Azərbaycan Respublikasının Kommersiya sirri haqqında Qanunu ilə təmin edilmişdir. Eyni zamanda dövlət, vergi və bank sirri də xüsusi qanunlara əsasən tənzimlənir. Qanunvericilik baxımından kommersiya sirri kommersiya dəyərinə malik olmalı, sirrin sahibi bu məlumatların qorunması üçün xüsusi vasitələr tətbiq etməli və qanun bu məlumatlara açıq girişi məhdudlaşdırmalıdır. Hüquqi şəxslərin qeydiyyat məlumatları (səhmdarların adı və pay həcmi istisna olmaqla), fəaliyyət növü, əldə edilmiş lisenziyalar, auditor hesabatları / rəyləri, işçilərin sayı/tərkibi, əldə edilmiş əqli mülkiyyətlər, barəsində məsuliyyət növü nəzərdə tutulan əməlləri və s. kimi bəzi məlumatlar kommersiya sirri hesab edilmir. Kommersiya sirrinin sahibi zəruri məlumatları kommersiya sirri kimi müəyyənləşdirə bilər.

 

Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya Dövlət Vergi Xidməti vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.

 

Azərbaycanda fərdi məlumatların tənzimlənməsi ilə bağlı yerli qaydaları ilə birlikdə beynəlxalq qaydalar da nəzərə alınmalıdır. 25 May 2018-ci il tarixindən qüvvəyə minən Məlumatların Qorunması üzrə Ümumi Qaydalara(GDPR) uyğun olaraq, bu məlumatları işləyən, əldə edən və ya istifadə edən qurumun rezidentlik yeri nəzərə alınmadan Avropa Birliyi sakinlərinin məlumatlarının qorunması tələb edilirr. Sözügedən Tənzimlənmənin bu cür eksterritorial təsirini beynəlxalq səviyyədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlər, xüsusən də yerləşmə yerinin harada olmasından asılı olmayaraq dünya səviyyəsində xidmətlər göstərən şirkətlər öyrənməlidirlər.

 

Ümumiyyətlə, Azərbaycan Respublikasında fəaliyyət göstərən və Azərbaycan bazarına daxil olmaq istəyən şirkətlər ümumi tövsiyə olaraq nəzərə almalıdırlar ki, Azərbaycanda fərdi məlumatlar qanunlarla xüsusi olaraq tənzimlənir və bu maləmatlarla qanuni qaydada işlənməsini təmin etmək məqsədi ilə əlaqəli tənzimləmələr də hər bir hal üzrə ətraflı öyrənilməlidir.

Fərdi məlumatlarla əlaqəli qaydalar və Azərbaycanda tətbiq olunan beynəlxalq standartlar üçün bizə müraciət edin: [email protected] və ya 0099450 289 89 73