Elektron rabitə vasitəsilə ilə müqavilənin bağlanılması
Elektron rabitə vasitəsilə ilə müqavilənin bağlanılması

Elektron rabitə vasitəsilə ilə müqavilənin bağlanılması

 

Mülki Məcəllənin 324-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi lazımdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, bu razılaşdırma müqavilənin bütün mühüm şərtləri barədə, habelə tələb olunan formada olmalıdır. Yəni müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlməsi yox, eləcə də tərəflərin bu razılığı tələb edilən formada ifadə etməsi gərəkdir.

 

Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

 

Müqavilə tərtibatı formalarından biri də yazılı formada bağlanan müqavilələrdir ki, Mülki Məcəllənin  407.2-ci maddəsinə görə, onlar müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Belə ki, yazılı formada tərtib edilən müqavilə həm sənədləri tərtib etməklə, həm də onları poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və digər rabitə vasitələri ilə mübadilə etməklə bağlanır. Lakin bu kimi müqavilələr bağlanan zaman müqavilənin etibarlılığı ilə bağlı bir sıra mübahisələr yaranır. Maddənin icazə verdiyi kimi elektron şəkildə sənədin mübadiləsi yolu ilə müqavilə bağlandıqda tərəflərin imzasının etibarlı olmaması, yəni sənədin müqavilə üzrə tərəfdən gəldiyini müəyyən etməyə imkan verməməsi halı yarana bilər və belə olan halda müqavilə özü etibarlı sayılmayacaqdır. Bu, təcrübədə elektron məktub (e-mail) ilə sənədlərin mübadiləsi, xüsusilə son dövrlərin təcrübəsində istifadə olunan DocuSign və E-sign kimi beynəlxal elektron imza platformalarından istifadə ilə bağlı suallar yaradır.

 

Bu məsələlər öz həllini Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair 12 avqust 2020-ci il tarixli Plenum Qərarında öz əksini ümumi olaraq tapmışdır. Belə ki, məhkəmə qeyd edir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Elektron vasitələrlə bağlanmış müqavilələrdə də əsas şərt odur ki, sənədin müqavilə üzrə tərəfdən gəldiyi dürüst müəyyən edilsin ki, bu da ya qrafik, ya da elektron imza ilə də müəyyən edilə bilir. Beləliklə, yazılı müqavilələr aşağıdakı formalarda bağlana bilər:

  1. tərəflər onu şəxsən imzalamaqla
  2. mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalamaqla (məsələn, faksimile);
  3. elektron imzadan istifadə etməklə;
  4. şəxsi imzanın başqa analoqundan istifadə etməklə

 

Bir sözlə, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Əlavə olaraq, məhkəmə qeyd edir ki, belə müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və anlaşıqlı olmalıdır.

Bu məsələnin müasir dövrdə yuxarıda qeyd edilən platformalarda işlənmə qaydasına gəldikdə qeyd edilir ki, əl imzalari ilə müqayisədə e-imzaların təhlükəsizlik imkanları daha genişdir. Belə ki, e-imzalarda elektron yoxlama izinə aid qeydlər (record) olur. Elektron yoxlama izinin əsas məqsədi odur ki, mübadilə ediləcək sənədin açılma, baxılma, imzalanma zamanları daxil olmaqla, sənəd üzərində görülən bütün hərəkətlərin tarixçəsini əks etdirir. Hətta istifadəçi onun olduğu yerə giriş icazəsi verərsə, eyni zamanda bu rekordlar mübadilə ediləcək sənəd üzərində görülən bütün hərəkətlərin yerini göstərəcək. Bununla da, əgər mübadilə edilən sənədin sui-istifadə edilməsi halları olarsa, yuxarıda adı çəkilən rekordlara baxaraq, daha dəqiqliklə desək, hərəkətlərin edildiyi yer, zaman və digər xüsusiyyətlərə baxmaqla, sui-istifadə edildiyi sübut etmək və onun qarşısını almaq olar.

 

Əsas məsələyə gəldikdə, elektron imzanın həqiqiliyini, yəni sənədin müqavilə üzrə tərəfdən gəldiyi dürüst müəyyən etməyə imkan verən bir sıra üsullar var.

  1. mail adresi- imza edən şəxslər öz maillərini daxil edir. Qarşı tərəf mübadilə ediləcək sənədi imzalamağa göndərməmişdən qabaq bu mail adresinə dəvət göndərir və imza edəcək şəxslər bu dəvəti qəbul etməklə maillərin onlara aid olduğunu təsdiq edəcəklər.
  2. Giriş kodu- Qarşı tərəf sənədi imzalayan şəxslərə giriş kodu göndərəcək və həmin tərəflər bu kodu daxil etməklə təsdiq edəcəklər.
  3. Telefon zəngi- İmza edən şəxslər telefon zəngi etməklə onların adını və giriş kodunu daxil edə biləcəklər.
  4. Suallar- Sənədi göndərən şəxs sənədi imzalayacaq şəxsdən müəyyən informasiyalar barədə, məsələn sonuncu adresi, sürdüyü maşının markası və s təsdiq sualları soruşmaqla sənədin doğru şəxs tərəfindən imzalandığını təsdiq edə bilərlər.