Məşğulluq haqqında yeni Qanun qəbul edilmişdir

28 avqust 2018-ci il tarixində yeni "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunu (bundan sonra: Qanun) qüvvəyə minmişdir ki, bununla da 02 iyul 2001-ci il tarixli "Məşğulluq haqqında" Qanun qüvvədən düşmüşdür.

Qanunda əsas yenilikləri bir neçə qrupda təsnifləşdirmək mümkündür:

1) elektron vakansiya bankının yaradılması və bunla bağlı işəgötürənlərin öhdəlikləri;

2) sosial müdafiəyə ehtiyacı olan şəxslərin işə düzəlməsi üçün dövlət təminatları;

3) işədüzəltmədə vasitəçilik fəaliyyəti göstərən hüquqi şəxslərlə bağlı;

4) özünəməşğulluğa dəstək;

5) sosial iş yerlərində əmək haqqının ödənilməsi qaydası

1. Yeni Qanun özündə sahibkarların və hüquqi şəxslərin fəaliyyəti zamanı nəzərə almalı olduğu bir sıra dəyişikliklər və yeniliklər ehtiva edir. Belə ki, Qanuna əsasən, elektron vakansiya bankı yaradılacaqdır ki, işəgötürənlər həmin sistemə yeni və boş iş yerləri barədə məlumat daxil etməlidirlər. İşəgötürənlərin bu sistemə daxil etdikləri əmək müqaviləsi bildirişlərinə və vakansiyalar barədə məlumatlara əsasən hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradılır. Bu halda, işəgötürənlər yeni və ya boş iş yeri yarandıqda 5 iş günü ərzində əməkhaqqı göstərilməklə elektron informasiya sisteminə məlumat daxil etməlidirlər. İşəgötürənlərin bu məlumatları daxil etməməsi və ya gecikdirməsi halında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, 50 manat məbləğində cərimə edilirlər.

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluğun təmin olunması üçün yönləndirilmiş şəxslər, eləcə də kvota üzrə işə qəbul olanlar və işdən çıxarılanlar barədə qeyd edilən orqana aylıq hesabatlar təqdim etməlidirlər. Əks halda işəgötürənlər İnzibati Xətalar Məcəlləsinə əsasən, 60 manat məbləğində cərimə edilirlər.

2. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün dövlət əlavə təminatlar yaradır. Müəssisələrdə işçilərin orta siyahı sayının 5%-dən çox olmamaq şərtilə kvota müəyyən edilir ki, həmin sayda iş yerləri sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün ayrılır. Kvotanın müəyyən edilməsinin təfsilatları və kvotanın tətbiq edilmədiyi müəssisələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu tələblərə əməl edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsilə məsuliyyət yaradır. Belə ki, bu halda işəgötürənlər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilirlər.

Qanuna görə, haqqı ödənilən ictimai işlərin təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğuluğunun təmin edilməsini təşkil edir ki, onlar müəyyən edilmiş müəssisələrdə müqavilə əsasında ödənişli olaraq ictimai işlərə cəlb olunurlar.

3. Qanuna əsasən, işədüzəltmədə vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər ki, həmin hüquqi şəxslərin elektron reyestri tərtib edilir. İşədüzəltmədə vasitəçilik fəaliyyəti göstərən şəxslər məşğulluğunun təmin edilməsi üçün müraciət etmiş və işlə təmin edilmiş şəxslərin sayı barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etməlidirlər.

4. Qanundakı yeniliklərdən biri də özünüməşğulluğa dəstək verilməsilə bağlıdır. Özünəməşğulluğun təşkilini həyata keçirən orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir ki, bu fəaliyyət bir neçə istiqamətdə həyata keçirilir. Özünəməşğulluğun təmin edilməsi üçün işsiz şəxslərə məsləhətlər və məlumatlar verilir, onlara özünəməşğulluq üçün istiqamət seçilməsinə və özünəməşğulluğun təşkilinə kömək edilir, həmçinin onlara biznes-planın qurulmasında da dəstək göstərilir. Bununla yanaşı, işsiz şəxslərə seçilmiş istiqamətdə özünəməşğulluğun təmin edilməsi üçün natura şəklində avadanlıq, material və sair əmlak verilə bilər. Qeyd edilməlidir ki bu cür əmlak müqavilə əsasında 2 il müddətinə verilir və fəaliyyətin tərtib edilmiş biznes-plana uyğun olub-olmaması yoxlanılır. Yoxlamalar nəticəsində şəxsin fəaliyyəti biznes-plana uyğun olduqda, həmin əmlak müqavilə müddətinin sonunda onun mülkiyyətinə verilir. Lakin şəxs üzrlü səbəb olmadan həmin əmlakı 1 il ərzində istifadə etməzsə, əmlakın bazar dəyərinə uyğun qiymətini geri qaytarmalıdır. Qanunla özünəməşğulluğun təşkili zamanı üstünlük verilən kateqoriyalar göstərilmişdir. Belə ki, bu zaman ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

5. İşsiz şəxslərin məşğulluğun təmin edilməsi məqsədilə yönləndirildiyi sosial iş yerlərində onlara ödənilən əməkhaqqının bir hissəsi Əmək və Əhalinin Sosial Nazirliyi tərəfindən ödənilir ki, bunun maliyyələşməsi qaydasını Nazirlər Kabineti müəyyən edir. Belə ki, əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir. Sosial iş yerlərində 2 ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 aydan az və 12 aydan çox olmayan müddətdə maliyyələşdirilir.

Əməkhaqqının məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, hər bir sosial iş yeri üzrə məşğulluğu təmin edilmiş işsiz şəxslərin əməkhaqqı həmin müəssisədəki digər iş yerləri üzrə əməkhaqqının 10%-dən çox olmamalıdır.