Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir. 30 may 2025-ci ildə qüvvəyə minmiş dəyişikliklər əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar yenilikləri əhatə edir.
– Əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi;
– Ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisnası aradan qaldırılaraq əmək qanunvericiliyinə uyğun olaraq ödənilməmə və ya tam ödənilməmə;
– İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması;
– Əmək müqaviləsinin sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi;
– Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dair zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi.
– Bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə cərimənin yuxarı həddinin min beş yüz manatdan iki min iki yüz manata qədər artırılması;
– Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə cərimənin yuxarı həddinin iki min manatdan iki min iki yüz manata qədər artırılması;
Aşağıda bunlar və əlaqəli tənzimləmələr ətraflı izah edilir.
Əmək sahəsində inzibati tənbeh verilməsi üçün nəzərdə tutulmuş müddət məhdudiyyətinin tətbiq dairəsi genişləndirilmişdir. Qanun ümumi məsuliyyət müddətini qısa (4 ay) müəyyən etsə də, bir sıra daha ciddi hesab etdiyi xətalar üzrə 1 illik müddət müəyyən etmişdir. Əvvəllər yalnız əmək qanunvericiliyinin pozulmasına tətbiq edilən bir illik müddət məhdudiyyəti artıq əməyin mühafizəsi qaydaları, həmçinin istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması prosedurlarının pozulması hallarına da şamil edilir.
Belə ki, əmək qanunvericiliyi ilə yanaşı, digər sadalanan hallar üzrə xətalara görə də törədildiyi gündən yalnız bir il ərzində tənbeh verilə bilər. Bu xətalar aradan qaldırılmadıqda, yəni uzanan xarakter daşıdıqda isə bir illik müddət pozuntunun aşkarlandığı gündən hesablanır.
İnzibati cərimənin şərti tətbiqi hallarına əmək münasibətləri üzrə bir sıra pozuntular əlavə edilmişdir. Belə ki, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulması, habelə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə də cərimənin şərti tətbiqi mümkündür.
Cərimənin şərti tətbiqi hüquq pozuntusunun aradan qaldırılması üçün müəyyən müddət verilməsini və bu yolla cərimə ödənişindən azad olunmanı nəzərdə tutur.
İşçiyə ödənişlərin hüquqa uyğun həyata keçirilməməsini ehtiva edən inzibati xətanın əhatə dairəsində dəyişiklik edilmişdir. Belə ki, ödənişlərin hesablanması və ödənilməsində, riyazi hesablamalar əvvəl xətanı istisna edirdisə, indi belə bir istisna ləğv edilir. Nəticədə, nöqsanlar da artıq bu pozuntunun əhatəsinə düşmüş sayılır. Beləliklə, istisnasız olaraq əmək qanunvericiliyinə uyğun ödənilməmə və ya tam ödənilməmə inzibati xətaya əsas verir.
Əvvəl normal əmək və istirahət rejiminə riayət edilməməsi inzibati xəta hesab edilirdisə, hazırda buna əlavə olaraq “əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb etməyə” görə də cərimə müəyyənləşdirilmişdir.
Əmək Məcəlləsi iş vaxtından artıq işlərə yol verildiyi müstəsna halları, işlərin son həddi, bu işlərə cəlb edilməsi qadağan olunan şəxslərin dairəsi və digər əlaqəli bir sıra məsələləri nizamlayır. Beləliklə, hər hansı müvafiq müddəaya riayət edilməməsi pozuntu kimi dəyərləndirilərək inzibati xəta qismində məsuliyyət yaradır.
Əmək münasibətləri çərçivəsində icbari sığortalanma ilə əlaqəli inzibati xətanın əhatə dairəsi dəyişdirilmişdir. Belə ki, əvvəl məhz müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması halına görə cərimə təyin edilmişdir. Hazırda isə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması halında da məsuliyyət nəzərdə tutulur.
Həmçinin sığorta müqaviləsinin bağlanmamasına görə müvafiq cərimə əvvəlki versiyada fiziki şəxslər üzrə beş yüz manat məbləğində təyin edilsə də, hazırda bu ixtisar edilmişdir. Beləliklə, müqaviləsinin bağlanmaması və yeni qayda olan icbari sığorta edilməməyə görə cərimə vəzifəli şəxslər üçün min beş yüz manat məbləğində, hüquqi şəxslər üçün beş min manat məbləğində müəyyən edilir. Bu inzibati məsuliyyət tətbiq edildikdə 20 gün ərzində müvafiq icbari sığorta əldə edilməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, 20 günlük müddət həmin xətanın aşkarlandığı gündən hesablanır.
İstehsalatda baş verən bədbəxt hadisələr sahəsində cərimə məbləğlərində dəyişikliklər edilmişdir. Fövqəladə Hallar Nazirliyinin vaxtında məlumatlandırılmaması halında cərimənin maksimum məbləği min beş yüz manatdan iki min iki yüz manata artırılmışdır. Əksinə olaraq, bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi üçün cərimənin minimum məbləği min səkkiz yüz manatdan min manata endirilmişdir.
Araşdırma prosesi ilə bağlı sanksiyalarda da fərqli yanaşma tətbiq edilmişdir. Hadisənin araşdırılmasından sonra aktın tərtib edilməməsi halında cərimənin yuxarı həddi iki mindən iki min iki yüz manata qaldırılmışdır. Lakin araşdırma faktı barədə aktın hazırlanmasından yayınma halında cərimənin aşağı həddi min səkkiz yüz manatdan min beş yüz manata azaldılmışdır.
Əmək münasibətlərinin iştirakçıları tərəfindən icrası məcburi olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişlərinin əhatə dairəsi genişləndirilmişdir. Belə ki, artıq əmək sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dair göstərişlərə də əməl edilmədikdə cərimə tətbiqi nəzərdə tutulur.
Qanunvericilik həmçinin bu sahədə məlumat təqdimatı öhdəlikləri də təyin etmişdir. Belə ki, normada əks etdirilən bütün pozunutu halları ilə bağlı zəruri olan məlumatların təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə məsuliyyət yaranır. Vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunurlar. Beləliklə, əsasən, işəgötürənlərin məsuliyyəti artırılaraq əmək qanunvericiliyinə riayətə nəzarət gücləndirilir.
Bankların iflası zamanı hüquqların müdafiəsi proseduru
Vergi Məcəlləsinə edilmiş son Dəyişikliklər 2020: əsas xülasəsi və müqayisəli şəkildə izahı
“Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycanda...