Rəqəmsal platformalarda reklam: Azərbaycan qanunvericiliyində yeni mərhələ
Rəqəmsal platformalarda reklam: Azərbaycan qanunvericiliyində yeni mərhələ

 

Rəqəmsal platformalarda reklam: Azərbaycan qanunvericiliyində yeni mərhələ

 

Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununda edilmiş son dəyişikliklər müasir dövrün rəqəmsal çağırışlarına cavab olaraq reklam fəaliyyətinin tənzimlənməsini əhatəli şəkildə yeniləyir. Qanuna əlavə olunan müddəalar rəqəmsal platformalarda reklamın hüquqi əsaslarını formalaşdırır, reklam iştirakçılarının və istehlakçılarının hüquq və vəzifələrini daha aydın şəkildə müəyyənləşdirir.

 

Əvvəla, Qanunun 1-ci maddəsinə yeni 1.4-cü hissə əlavə edilmişdir. Bu müddəaya əsasən, Qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan və reklam daşıyıcısı funksiyasını daşıyan rəqəmsal platformalarda yayımlanan reklamları da əhatə edir. Bu dəyişiklik reklam qanunvericiliyinin tətbiq dairəsini genişləndirir və rəqəmsal mühitdə yayımlanan reklamları da hüquqi nəzarət altına alır.

 

Terminoloji baza da müasir tələblərə uyğun yenilənmişdir. Qanunun 2-ci maddəsinə əsasən, “rəqəmsal platforma təsirçisi” və “reklam daşıyıcısı olan rəqəmsal platforma” anlayışları qanunvericiliyə daxil edilmişdir. Rəqəmsal platforma təsirçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə rəqəmsal platformalarda reklam fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxsdir. Reklam daşıyıcısı olan rəqəmsal platforma isə reklamın yayımlanması üçün istifadə olunan, lakin dövlət informasiya ehtiyatlarına aid olmayan internet informasiya resursu, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləridir. Bu anlayışlar Qanunun bir sıra digər maddələrinə də əlavə olunaraq sistemli hüquqi tənzimləmə təmin edilmişdir.

 

Qanunun 4-cü maddəsinə edilən dəyişikliklə istehsalı və satışı yalnız müvafiq lisenziya və ya sertifikat əsasında həyata keçirilə bilən əmtəələrin reklamı yalnız müvafiq sənədlər olduqda mümkündür. Reklamda həmin sənədlərin nömrəsi, verilmə tarixi və verən orqanın adı göstərilməlidir. Əgər reklam daşıyıcısının xüsusiyyətləri bu məlumatların açıq təqdiminə imkan vermirsə, reklamda bu sənədlərin mövcudluğu barədə məlumat verilməli və istehlakçının onlarla tanış olması üçün şərait yaradılmalıdır.

 

Qanuna əlavə edilən 4.10 və 4.11-ci maddələr reklamda ətraflı məlumatın təqdim olunma üsullarını və istehlakçının məlumatları başa düşməsi tələblərini müəyyən edir. Müvafiq olaraq, reklamda keçidlər və qısa nömrələr vasitəsilə əlavə məlumatın təqdim olunmasına icazə verilir. Lakin bu məlumatlar reklamın əsas məzmunu ilə ziddiyyət təşkil etməməli və onun tamlığını pozmamalıdır. Eyni zamanda reklamda təqdim olunan məlumatlar açıq və başa düşülən olmalıdır.

 

Qanunun 8.1 və 22.1-ci maddələrinə edilən dəyişikliklə “reklam hüququ əsasında” ifadəsinə “sponsorluq” və “tərəfdaşlıq” anlayışları da əlavə edilmişdir ki, bu da kommersiya münasibətlərinin daha geniş spektrini əhatə edir.

 

Ən mühüm yeniliklərdən biri Qanuna əlavə olunmuş 26-1-ci maddədir. Bu maddə birbaşa rəqəmsal platformalarda reklam yayımı və bu fəaliyyətin xüsusiyyətlərini tənzimləyir. Belə ki, rəqəmsal platforma təsirçisi tərəfindən yayımlanan reklam “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır. Reklam zamanı vizual və ya audio dəyişikliklər yaradan tətbiqlərdən istifadə edilirsə, bu barədə istehlakçı məlumatlandırılmalıdır. Eyni zamanda reklamverici barədə hüquqi və ya fiziki şəxs qismindən asılı olaraq ətraflı identifikasiya məlumatları təqdim olunmalıdır. Buraya hüquqi şəxsin adı, ünvanı, VÖEN-i; fiziki şəxsin tam adı, fəaliyyət ünvanı və VÖEN-i, habelə əlaqə vasitələri daxildir.

 

Maddə həmçinin müəyyən qadağaları da nəzərdə tutur. Rəqəmsal platforma təsirçisinə özünün istifadə etmədiyi məhsul və ya xidmət barədə yanlış təəssürat yaratmaq və ya saxta hesablar vasitəsilə reklam aparmaq qadağan edilir. Eyni zamanda qeyd edilir ki, bu maddədəki tələblər audiovizual media subyektlərinin rəqəmsal platformalardakı fəaliyyətlərinə şamil olunmur.

 

Qanunun digər maddələrinə edilən dəyişikliklər arasında reklam daşıyıcısının texniki xüsusiyyətlərinə görə müəyyən məlumatların (məsələn, maliyyə və ya ödəniş xidmətləri haqqında) birbaşa reklamda göstərilməsinin mümkün olmadığı hallarda, istehlakçıya bu məlumatlarla tanış olmaq imkanı verilməsi və bu barədə məlumatlandırılması tələbi də yer alır.

 

Nəhayət, qanunun məsuliyyət və nəzarətlə bağlı müddəaları da yenilənmişdir. Reklam yayıcısı ilə yanaşı, rəqəmsal platforma təsirçisi də Qanunun müxtəlif müddəalarında hüquqi subyekt kimi tanınaraq, onun hüquq və vəzifələri konkretləşdirilmişdir. Məsələn, Qanunun 27, 29, 32, 33 və 39-cu maddələrində rəqəmsal platforma təsirçisi ilə bağlı müvafiq əlavə və düzəlişlər edilmişdir.

 

Bütövlükdə bu dəyişikliklər rəqəmsal reklam mühitinin hüquqi tənzimlənməsində əhəmiyyətli irəliləyişdir. Onlar rəqəmsal platformalarda reklamın şəffaflığını artırır, istehlakçının məlumatlandırılmasını və hüquqlarının müdafiəsini təmin edir, eyni zamanda rəqəmsal təsirçilərin və reklamvericilərin fəaliyyətini hüquqi çərçivəyə salır.

 

Oxşar Yazılar

Rəqabət Məcəlləsi üzrə qaydalar qəbul edilmişdir

Rəqabət Məcəlləsi üzrə qaydalar qəbul edilmişdir

Aşağıda Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğun olaraq son zamanlar qəbul edilmiş bi...

Apr 23, 2025
Riskli Vergi Ödəyicisinin və Riskli Əməliyyatların Meyarları təsdiqlənmişdir

Riskli Vergi Ödəyicisinin və Riskli Əməliyyatların Meyarları təsdiqlənmişdir

Riskli Vergi Ödəyicisinin və Riskli Əməliyyatların Meyarları təsdiqlənmişdir

Jul 31, 2020