Biznes əməliyyatlarında qarantiyalardan istifadə
Biznes əməliyyatlarında qarantiyalardan istifadə

Bu gün biznes əməliyyatları dinamik olmaqla yanaşı, həm də özündə riskləri daşıyır. Risklər biznes tərəfdaşından qaynaqlanan və kənar risklər olmaqla şərti olaraq bölünə bilər. Yəni “mənim biznes tərəfdaşım sağlamdır”, “uzun müddətdi tanıyırıq bir-birimizi, güvənirəm ona” və ya “həmişə belə işləmişik, problem olmayıb” tipli yanaşmalar aydındır ki, çox kövrək və risklidir. Hər hansı bir alğı-satqı müqaviləsində müxtəlif partiyalarla malların göndərilməsi zamanı ödənişlər və ya malların göndərilməsi necə təmin edilə bilər? Bəlkə qarşı tərəf öhdəliyini pozdu? Və ya öhdəliyini pozmadan öz təqsiri olmadan malları göndərə bilmədi? Bəlkə qəsdən malları göndərmədi və ya qüsurlu mal göndərdi? Bəlkə onun  barəsində malların istehsalı və ya göndərilməsinə hər hansı qadağa qoyuldu?

Kommersiya danışıqları və müqavilə münasibətlərində bir sıra təminat üsulları mövcuddur ki, bunlar belə hallardan qoruma yarada bilər. Bura biznes praktikasında müxtəlif növ sığorta, qarantiya, akkreditiv, zaminlik, əmlakın girov saxlanılması, cərimələri və digər təminat üsullarını aid etmək olar.

Mülki Məcəllənin 460-cı maddəsi öhdəliyin icrasının təmin edilmə üsulları kimi girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya və beh ilə yanaşı “Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar”ı da müəyyən edir.

Konstitusiya Məhkəməsi 14 iyul 2015-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi  müddəalarının şərh edilməsinə dair” qərarı ilə müəyyən etmişdir ki, tərəflər – borclu və kreditor iradə sərbəstliyi prinsipinə əsasən, öz aralarındakı istənilən müqavilədə, yəni əsas müqavilədə və ya sonradan bağlanılmış ayrıca müqavilədə birtərəfli əqd formasında öhdəliyin icrasının digər təmini üsulunu müəyyən edə bilərlər.

Təminat üsullarının hər birinin müxtəlif funksiyası və hüquqi xarakteri var. Biz bu yazıda şərti olaraq “Qarantiyalar” adı ilə üçüncü şəxslərdən verilmiş təminatları nəzərdə tuturuq. Hüquqi anlayış olaraq, Mülki Məcəllənin 478-ci maddəsinə uyğun olaraq, Qarantiya belə anlayış verilmişdir:

“Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.”

Yəni qarantiya yalnız qeyd edilən təşkilatlar – kredit və sığorta təşkilatları tərəfindən üçüncü şəxs benefisiara hər hansı bir halın baş verməsi zamanı vəsait ödənilməsi barədə yazılı öhdəlikdir. Məsələn, satıcı alıcı qarşısında malların göndərilməsi ilə bağlı öhdəliyinin təminatı olaraq bankdan qarantiya əldə edir və bank bu qarantiyanı mal satanın tapşırığı ilə benefisiar (faydalanan şəxs) qismində alıcıya təqdim edir. Mal çatdırılmazsa və ya müqavilədəki şərtlərə uyğun olmayan mal təqdim edilərsə, alıcı banka müraciət edərək qarantiyası verilmiş məbləği bankdan əldə edə bilər. Bank da öz növbəsində bu vəsaiti satıcıdan geri əldə etməyə çalışacaqdır  - bu hissə isə artıq alıcını maraqlandırmayan məsələyə çevrilir.  

Biznes praktikasında aşağıdakı növ qarantiyalara rast gəlinir:

  • Ödəniş qarantiyası: Ödənişin həyata keçirilmə müddətində vəsait ödənməsə, qarant vəsaiti ödəməyi öhdəsinə götürür. Bu adətən bank qarantiyası şəklində olur.
  • İcra qarantiyası: Müəyyən edilmiş öhdəliyin icra edilmədiyi halda üçüncü şəxs tərəfindən belə icranın həyata keçirilməsini və ya müəyyən məbləğdə vəsaitin ödənilməsini nəzərdə tutur. Bu öhdəlik icra təminatı adı ilə Azərbaycan satınalma qanunvericiliyində əksini tapıb. Avans ödəniş bank qarantiyası mahiyyət üzrə avans ödənilmiş məbləğ həcmində icranın bank tərəfindən həyata keçirilməsi barədə öhdəlikdir.
  • Hüquqi qərarın icrasına qarantiya: Bu adətən mübahisələrin həlli zamanı əhəmiyyətli olur. Qüvvəyə minmiş məhkəmə və ya arbitraj qərarının icra edilmədiyi təqdirdə müəyyən edilmiş üçüncü şəxs tərəfindən icrasına öhdəlik götürülür.
  • Ana şirkət qarantiyası: Təsisçi müəssisə törəmə müəssisələrin müqavilə öhdəliklərinə təminat verir. Adətən şirkətlər qrupu olduqda və daha çox aktivləri olduğuna görə ana şirkətin belə qarantiyası faydalı olur.
  • Törəmə şirkət qarantiyası: Təsisçi müəssisənin öhdəliklərinin icrasına təminat törəmə müəssisə tərəfindən verilir. Adətən təsisçi müəssisənin əsas aktivləri törəmələrdəki payı olduqda, real aktivləri olan törəmədən ana müəssisə öhdəlikləri üçün belə qarantiya istənilir.
  • Çarpaz Qarantiya: payları eyni şəxsə malik olan müəssisələr bir-birlərinin öhdəliklərinə qarantiya verirlər.

 

Kommersiya əməliyyatının xarakterindən asılı olaraq bu qarantiya növlərindən biri seçilə bilər. Diqqət verilməli və nəzərə alınmalı bəzi məqamlara aşağıdakıları aid etmək olar:

  • Müqaviləyə və qarantiyaya tətbiq edilməli hüquq İngilis (anqlo-sakson) hüquq olacaqsa, qarant belə qarantiyanın əvəzində nəsə tələb etsin və ya qarantiya və müqaviləyə bir-birinin ayrılmaz tərkib hissəsi kimi – vahid əqd kimi baxıldığı müəyyən edilsin, habelə bu qarantiya möhürlü və şahid(lər) qarşısında verilsin.
  • Qarantın özünün maliyyə vəziyyəti və likvidliyinə dair əlavə araşdırılma aparılsın və sübut istənilsin (məs. Bank hesablarından çıxarış, kənar audit rəyi vəs ). Qarant bank olduqda, banka dair reytinq tələbi müəyyən edilsin.
  • Qarantiyanın qüvvəyə minmə və qüvvədən düşmə şərtləri dəqiq ifadə edilməlidir. Bəzi hallarda kommersiya müqaviləsinin qüvvəyə minmə şərti kimi də tələb edilən qarantiyanın təqdim edilməsini şərt kimi müəyyən etmək olar.
  • Qarantiyanın növü, qarantiya verilən vəsaitin məbləği, valyutası, ödənilməsi üçün tələb edilən sənəd və bu sənədin təqdim edilmə qaydası (hansı ünvana, birbaşa və ya bank qarantiyası halında müvəkkil bank vasitəsilə və s).
  • Qarantiyanın vaxtından əvvəl geri götürülən olub-olmaması
  • Qarantiyanın yalnız benefisiarın ilk tələbnaməsi ilə ödəniləcəyi və ya əlavə sənəd (və sübutlar) tələb ediləcəyi dəqiqləşdirilməlidir. Əlavə sübutlar təqdim edilmə öhdəliyi varsa, bu sübutların nələr olacağı dəqiq müəyyən edilməlidir.
  • Əsas müqaviləyə istinad edilməklə yanaşı, həmin müqaviləyə hər hansı əlavə və düzəliş edilərsə, bunun qarantiyanın şərtlərinə və qüvvəsinə təsiri qeyd edilməlidir.

Xüsusilə iri-həcmli və beynəlxalq müqavilələrdə qarantiyaların istifadə edilməsi məqsədəuyğundur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.