İstənilən fiziki və ya hüquqi şəxs kriptovalyuta fəaliyyətinə başlamazdan əvvəl (blokçeyn texnologiyası, bitkoin mayninqi və s.) Azərbaycan Respublikasının Kriptovalyuta qaydaları və qanunlarını təhlil etməli, həmçinin vergi öhdəliklərini dəqiq müəyyən etməlidir. Azərbaycan Kriptovalyuta Qaydalarına gəldikdə, istənilən yerli və ya xarici şəxs kriptovalyuta fəaliyyətinə, yəni bitkoin mayninqinə və ya kriptovalyuta alınmasına sadəcə olaraq qanunla qadağan olunmadığına görə cəlb edilə bilər. Bununla belə, Azərbaycanda kriptovalyutadan istifadə ilə bağlı müəyyən hüquqi məhdudiyyətlər tətbiq olunacaq, çünki bunlar Azərbaycanda qanuni ödəniş vasitəsi kimi qəbul edilmir.
Kriptovalyuta ilə bağlı hər hansı fəaliyyətə (məsələn, blokçeyn texnologiyası, kriptovalyuta mayninqi və s.) başlamazdan əvvəl Azərbaycan Respublikasının kriptovalyuta sahəsindəki qanunvericiliyi təhlil edilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, istənilən şəxs kriptovalyuta mayninqi ilə məşğul ola bilər. Lakin bu, kriptovalyutanın Azərbaycanda qanuni ödəniş vasitəsi kimi tanınması demək deyil.
Azərbaycanda blokçeyn texnologiyası və kriptovalyuta sahəsi hələ də tənzimlənməmiş qalır. Bununla belə, kriptovalyuta anlayışı Azərbaycan Respublikasının qanunvericiliyinə tam yad deyildir. Belə ki, qanunvericilikdə bu anlayışa yalnız bir- Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Marja ticarəti Qaydası”nda istinad olunur. Bu Qaydanın 7.2-ci maddəsində göstərilir ki, investisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə (institusional və peşəkar investorlar istisna olmaqla) təqdim etdiyi maksimum kredit həddi aşağıdakı qaydada müəyyən edilir: … 7.2.4. baza aktivi kriptovalyuta (rəqəmsal valyuta) olan fərq müqavilələri üzrə 2:1.
Nəticədə, belə bir boşluq mövcud qanunların sui-istifadə edilməsinə şərait yarada bilər. Belə sui-istifadənin ən son nümunəsi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılmış B.H.R. və İ.R.F. barəsində cinayət işi olub. Yasamal Rayon Məhkəməsinin hökmü ilə şəxslər xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana gizli köçürülməsi fəaliyyətinin təşkilində təqsirli bilinib və müvafiq cəzalara məhkum ediliblər. İşin nəticəsi isə məhkəmə tərəfindən “Binance” virtual aktiv xidməti təminatçısında saxlanılan 830 ədəd kriptovalyutanın dövlət nəfinə xüsusi müsadirə edilməsidir.
Məhz bu hadisə Azərbaycanda kriptovalyutanın mövcud hüquqi rejiminin və cinayət prosesində virtual aktivlərlə bağlı tətbiq edilən mexanizmlərin daha yaxından araşdırılmasını zəruri edir.
2026-cı ilin Avqust ayına Azərbaycanda kriptovalyuta üzrə ayrıca və hərtərəfli qanun hələ qüvvəyə minməyib. Lakin daha geniş anlayış olan “virtual aktiv” artıq bir neçə qanunvericilik aktında rastlanan ifadədir.
Bu konspetlə bağlı hüquqi tənzimləmənin əsas elementlərindən biri cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) haqqında Azərabycan Respublikasının Qanunudur (bundan sonra “Qanun”). 1 fevral 2023-cü il tarixində qüvvəyə minmiş Qanuna əsasən, virtual aktiv ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir. Bununla yanaşı, milli və xarici valyutanın, qiymətli kağızların və törəmə maliyyə alətlərinin rəqəmsal qarşılığı virtual aktiv hesab edilmir. Əlavə olaraq, virtual aktiv xidməti təminatçıları (bundan sonra “VAXT”) ƏL/TMM məqsədləri üçün maliyyə institutları anlayışında öz əksini tapmışdır.
Qanunla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 24 fevral 2023-cü il tarixində “Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası”nı (bundan sonra “Qayda”) təsdiq etmişdir. Qaydanın əhəmiyyətli hissəsi ƏL/TMM və hədəfli maliyyə sanksiyalarına yönəlib. Bu səbəbdən Qayda “tam rejim” hesab edilməməlidir. Digər bir tərəfdən, Qaydanın qüvvəyə minməsi də Azərbaycan Respublikasında virtual aktiv xidməti təminatçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların qəbul edilməsi ilə şərtləndirilmişdir.
Qaydanın əsas məqsədlərindən biri virtual aktivlərlə aparılan əməliyyatlarda müştəri uyğunluğu tədbirlərinin tətbiqini və əməliyyat iştirakçıları barədə məlumatların müəyyən edilməsini təmin etməkdir. Qaydanın əsas məqsədlərindən biri virtual aktivlərlə aparılan əməliyyatlarda müştəri uyğunluğu tədbirlərinin tətbiqini və əməliyyat iştirakçıları barədə məlumatların müəyyən edilməsini təmin etməkdir. VAXT əməliyyat zamanı virtual aktiv sahibinin və benefisiarın identifikasiya məlumatlarını, hesab nömrələrini və ya cüzdan ünvanlarını, habelə əməliyyatın unikal istinad nömrəsini müəyyən etməlidirlər.
Bundan əlavə, əməliyyatı göndərən VAXT əməliyyatdan əvvəl virtual aktiv sahibi haqqında müəyyən məlumatları verifikasiya etməli və müvafiq müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidir. Eyni zamanda, VAXT-lar digər VAXT-larla işgüzar münasibət qurarkən onların fəaliyyəti, nüfuzu, nəzarət sistemləri barədə məlumat əldə etməli və müəyyən qiymətləndirmələr aparmalıdırlar.
Təkcə bu fakt göstərir ki, mayninq, ticarət və investisiya kimi kriptovalyuta ilə bağlı fəaliyyətlərə icazə verilir.
Qeyd edək ki, 29 iyun 2026-cı il tarixində Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi bildirib ki, virtual aktivlər və kripto bazarları ilə bağlı qanun layihəsinin son variantını hazırlanmış və aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir. Qanunun ilin sonunadək qəbul edilməsi gözlənilir.
Kriptovalyuta fəaliyyətlərinin vergiyə cəlb edilməsi müxtəlif amillərdən asılı olaraq dəyişir.
Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, virtual aktivlər ƏDV məqsədləri üçün mal hesab edilmir və buna görə də virtual aktivlərlə bağlı əməliyyatlar ƏDV-yə cəlb edilmir.
Həmçinin qeyd etmək lazımdır ki, qeyri-rezidentlərlə həyata keçirilən əməliyyatlara tətbiq olunan vergi rejimi müvafiq İkiqat Vergitutmanın Aradan Qaldırılması Sazişlərindən asılı olaraq fərqli ola bilər.
Qeyd: Bu məqalə hüquqi məsləhət və ya hüquqi rəy kimi şərh edilməməlidir və “Caspian Legal Center” burada göstərilən məlumatlara əsaslanaraq həyata keçirilən hər hansı hərəkətdən irəli gələn zərərə görə məsuliyyət daşımır. Hüquqi rəylər, məsləhətlər və tövsiyələr üçün [email protected] elektron poçt ünvanı və ya +99450 289 8973 nömrəsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Son yenilənmə: 07.09.2026
Hazırki şərh “Caspian Legal Center”in “Müəlliflik hüquqları və bəzi əlaqəli hüquqlar haqqında” Az...
Bu Hüquqi Bələdçi Azərbaycanda elektron ticarət qanunvericiliyini ətraflı izah etməklə elektron t...
Bu yazıda Azerbaycan’da İş Yeri Açma Şartları: Şirket Kurma, Vergi Kaydı ve İşletme Açma ile ilgi...