ÇİRKLİ PULLARIN YUYULMASI SAHƏSİNDƏ YENİ QANUNVERİCİLİK
ÇİRKLİ PULLARIN YUYULMASI SAHƏSİNDƏ YENİ QANUNVERİCİLİK

 

ÇİRKLİ PULLARIN YUYULMASI SAHƏSİNDƏ YENİ QANUNVERİCİLİK

 

Yanvar ayının 31-ində çirkli pulların yuyulması sahəsində bir sıra yeni qanunvericilik aktları qəbul olunmuşdur. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunu qüvvədən düşmüş, 2 yeni qanun- 1 fevral 2023-cü il tarixindən qüvvəyə minməklə- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Qəbul olunmuş yeni qanunların tətbiqi ilə bağlı bir sıra məsələləri tənzimləmək üzərə bəzi digər qanunlara da əlavələr və dəyişikliklər edilmişdir. Bu yenilikləri sizlərə təqdim edirik:

 

1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu

 

Sözügedən qanun ümumilikdə 25 maddədən ibarət olmaqla, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

 

Qanun subyekt dairəsi baxımından da bir çox yeniliklər gətirmişdir, belə ki, bu qanun yalnızca maliyyə institut və təşkilatlarına yox, həmçinin qeyri-maliyyə institutları və peşə sahiblərinə də (qanunun 1.1.9-cu maddəsinə əsasən, qeyri-maliyyə instututları və peşə sahibləri qismində rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, həmçinin belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri nəzərdə tutulur), bu qanunun 3.1-ci maddəsində göstərilmiş hallarda da tətbiq olunur.

 

Qanunla maliyyə institutları və təşkilatlarının (depozitlər cəlb edən/idarə edən və/və ya kreditlər verən təşkilatlar, o cümlədən banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, trast şirkətləri, habelə sığorta şirkətləri, pensiya fondları, brokerlər, anderrayterlər, investisiya şirkətləri) və həmçinin bir sıra hallarda qeyri-maliyyə institutları və peşə sahiblərinin üzərinə aşağıdakı önləyici tədbirləri almaq öhdəlikləri qoyulur:

  • Müştəri uyğunluğu tədbirləri tətbiq etmək;
  • Benefisiar müştərinin eyniləşdirilməsi tədbirləri həyata keçirmək;
  • Daha riskli hallarda gücləndirilmiş müştəri uyğunluğu tədbirləri görmək;
  • Siyasi nüfuzlu şəxslərlə və ya onlarla əlaqəli olan digər şəxslərlə əməliyyatlar barədə risklərin idarə edilməsi sistemi tətbiq etmək;
  • Təqdim edilən əmlakın və digər gəlir mənbəyinin müəyyən edilməsi üçün ağlabatan tədbirlər görmək.

 

Qanun həmçinin yuxarıda adı çəkilən bu subyektlərin üzərinə yeni texnologiyalar vasitəsilə yaradılan və ya onların tətbiqini nəzərdə tutan işgüzar münasibətlərin, məhsulların və aparılan əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara, o cümlədən elektron nəzarət sisteminə malik olmalıdırlar.

 

Öhdəlik daşıyan şəxslər həmçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR qanunu çərçivəsində daxili qayda və prosedurlara malik olmalı və onları təsdiq edərək tətbiq etməli, müvafiq tədbirlər və əməliyyatlar üzrə məsul şəxs təyin etməli, bu sahədə müstəqil və effektiv sistem təşkil etməli, işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq etməli, işçiləri davamlı qaydada təlimlərə cəlb etməli, bundan əlavə mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizmi təşkil etməlidir.

 

Qeyd olunan qanunun pozulmasına dair məsuliyyət məsələlərini tənzimləmək məqsədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilmişdir. Belə ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə maliyyə institutları-vəzifəli şəxslər iki min manatdan dörd min manatadək, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək, qeyri-maliyyə institutları və peşə sahibləri-vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək, hüquqi şəxslər isə səkkiz min manatdan on beş min manatadək cərimə olunacaqdır.

 

Bundan əlavə maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə vəzifəli şəxsləri iki min manatdan dörd min manatadək, hüquqi şəxsləri isə iyirmi min manatdan otuz min manatadək cərimə gözləyir. Eyni tələblərin qeyri- maliyyə institutları və peşə sahibləri tərəfindən pozulması halında, vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək, hüquqi şəxslər isə səkkiz min manatdan on beş min manatadək cərimə olunacaqdır.

 

2. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunu

 

Qeyd olunan qanun 5 fəsil, 14 maddədən ibarət olmaqla, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.

 

Qanun sanksiya tətbiq edilməli olan fiziki şəxslər və qurumlara dair meyarları, hədəfli maliyyə sanksiyaları və onların növləri, tətbiq edildiyi aktivlər, tətbiq qaydaları, sanksiya tətbiq olunması üzrə barəsində qərar çıxarılmış şəxslərin ölkədaxili və beynəlxalq siyahılara tətbiq edilməsi və digər məsələlər üzrə tənzimləyici müddəaları əks etdirir.

 

Hədəfli maliyyə sanksiyaları, yəni aktivlərin təxirəsalınmadan dondurulması və aktivlər, iqtisadi resurslar və ya digər maliyyə və əlaqəli xidmətlərdən istifadənin qadağan olunması kimi tədbirlər aşağıdakı şəxslərə və onların aktivlərinə münasibətdə tətbiq olunur:

  • Sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar-Azərbaycan Respublikası qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən barələrində sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar;
  • Bu şəxslərin birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər;
  • Bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri;
  • Bu şəxslərin birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri.

 

Hədəfli maliyyə sanskiyalarının tətbiqi üçün ilk növbədə BMT tərəfindən sanksiyaların tətbiq olunduğu şəxslərin siyahısı barədə qətnamələr dərc edildikdən sonra bu siyahı yerli elektron informasiya ehtiyatına da inteqrasiya olunaraq dərc edilir və yenilənir. Bu beynəlxalq qətnamələrin siyahısı həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təsdiq olunmaq üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunur. Maliyyə və qeyri-maliyyə institutları, peşə sahibləri, habelə audito xidməti göstərən şəxslər, dini qurumlar, QHT-lər, o cümlədən xarici dövlətlərin QHT-lərinin Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri sankisaya tətbiq olunacaq aktivləri sanksiyaların tətbiq olunduğu şəxslərin siyahıları hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildikdən dərhal sonra dondurmalı və bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verməlidirlər.

 

Şəxslərin ölkədaxili siyahılara daxil edilməsi və çıxarılması isə məhkəmə qərarı əsasında baş verir və bu yeni icraatı tənzimləmək məqsədi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə - “Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi üzrə icraat” adlı “LX” fəsil daxil edilmişdir. Yeni fəsil ölkədaxili siyahıya daxil ediləcək şəxslərə dair meyarları, daxil edilmə barədə təqdimatın məzmunu, həmçinin belə təqdimata baxılma qaydası və digər bəzi məsələləri tənzimləyir.

 

Həmçinin, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aktivlərin dondurulması üzrə tədbirlərin görülməməsinə, hər bir fiziki şəxs və ya quruma görə -vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.

 

3. Digər əhəmiyyətli dəyişikliklər

 

Yuxarıda qeyd olunan iki yeni qanunvericilik aktının qəbul olunması ilə “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası qanunlarına da müvafiq əlavələr və dəyişiklər edilmişdir. Belə ki, bu qanunlara edilmiş əlavələrə əsasən kredit təşkilatları, həyatın yığım sığortası ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçilərinin üzərinə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş hallarda müştəri, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə müştəri uyğunluğu tədbirləri tətbiq etmək, özünün daxili nəzarət proqramını hazırlamaq və tətbiq etmək öhdəlikləri qoyulmuşdur.

 

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə edilmiş əlavəyə əsasən, bundan sonra mənzil-tikinti kooperativinin üzvünün payının özgəninkiləşdirilməsi ilə əlaqədar əqdlər də notariat qaydasında təsdiqlənməlidir.

 

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası qanununa edilmiş əlavələrə əsasən artıq aşağıdakı ödənişlər də nağdsız qaydada aparılan ödənişlərə daxil edilir:

  1. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər;

 

  1. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər;

 

  1. rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər.

 

Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər yeni və çox ciddi tənzimləmələr müəyyən etdiyindən və əhəmiyyətli məbləğlərdə cərimələr və sanksiyaların tətbiqini nəzərdə tutduğundan bir sıra subyektlər üçün xüsusi hüquqi-prosedural sənədlərin hazırlanması və tətbiqinə nəzarət olunması zərurəti yaranmışdı. Bu səbəblə də, yuxarıda qeyd olunan məsələlərlə bağlı hüquqi məsləhət alınmasını tövsiyə edirik. Xüsusilə aşağıdakı subyektlər üçün yeniliklərlə bağlı hüquqi dəstək zəruridir:

  • depozitlər cəlb edən/idarə edən və/və ya kreditlər verən təşkilatlar
  • banklar
  • bank olmayan kredit təşkilatları
  • kredit ittifaqları
  • trast şirkətləri
  • sığorta şirkətləri
  • pensiya fondları, brokerlər, anderrayterlər
  • investisiya şirkətləri
  • rieltorlar
  • auditorlar
  • notariuslar
  • mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər

 

Bizimlə aşağıdakı vasitələrlər əlaqa saxlaya bilərsiniz:

[email protected]

[email protected]

+994502898973