Dövlət Satınalmaları haqqında Qanun 2024
Dövlət Satınalmaları haqqında Qanun 2024

“Dövlət Satınalmaları haqqında” Qanun

14 iyul 2023-cü il tarixdə “Dövlət satınalmaları haqqında” yeni qanun qəbul edildi. Maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi prinsiplərini rəhbər tutan yeni qanun 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minəcəkdir.

Eyniadlı köhnə və yeni qanun arasında aşağıdakı fərqlər mövcuddur:

Qanunun tətbiq dairəsi

Yeni qanun aşağıdakı malların, işlərin və ya xidmətlərin satın alınmasına şamil edilmir:

  • yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya xidmətlər;
  • kreditlərin alınması;
  • qiymətli kağızlar, çeklər və xarici valyuta və bunlarla bağlı xidmətlər;
  •  “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən münasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlər;
  • notariuslar tərəfindən aparılan notariat hərəkətləri;
  • büdcədənkənar dövlət fondlarının vəsaitlərinin investisiyaya yönəldilməsi (yerləşdirilməsi), habelə investisiya məqsədli aktivlərin alınması, satılması, dəyişdirilməsi, saxlanılması, yerləşdirilməsi və (və ya) idarə edilməsi ilə bağlı xidmətlər;
  • müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər;
  • müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün alınan mallar, işlər və ya xidmətlər;
  • satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 000 (on min) manatadək olan satınalmalar (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 000 (iyirmi min) manatadək).

Bununla belə yeni qanunda qeyd edilir ki, beynəlxalq təşkilatların verdiyi vəsaitlər hesabına satınalmalar bu təşkilatlarla bağlanılan müqavilədə ayrı qayda nəzərdə tutulduğu halda həmin müqavilədə razılaşdırılmış qaydada həyata keçirilməlidir.

Satınalmaların keçirilməsi qaydası

Qanundakı başlıca yeniliklərdən biri odur ki, dövlət satınalmaları yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilməlidir. Bununla belə, məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilməlidir.

 

 

Satınalma predmetinin həcmi üzrə dəyişiklik

Yeni qanunla satınalma müqaviləsi qalib təchizatçı tərəfindən imzalananadək satınalma komissiyası tərəfindən əvvəlcədən şərtlər toplusunda göstərilmişdirsə, satınalma predmetinin hər vahidinin qiymətini və xüsusiyyətlərini (göstəricilərini) dəyişdirməmək, həmçinin ehtimal olunan qiyməti keçməmək şərti ilə nəzarət orqanının razılığı ilə satınalma predmetinin həcmi (miqdarı) 10 faizə qədər artırıb-azalda bilər (əvvəlki qanunda bu məbləğ 15% idi).

Çərçivə sazişi

Çərçivə sazişi dövri və ya təkrar tələb olunan, eyni zamanda həcminin və ümumi qiymətinin əvvəlcədən tam müəyyənləşdirilməsi mümkün olmayan müvafiq satınalma predmetinin bir büdcə ili ərzində satın alınması şərtlərini müəyyənləşdirən, satınalan təşkilatla tələblərə uyğun olan iki və ya daha çox təchizatçı arasında bağlanan sazişdir.

Çərçivə sazişi yazılı formada bağlanılır və sazişdə azı aşağıdakılar əks olunur:

  • çərçivə sazişinin qüvvədə olma müddəti;
  • satınalma predmetinin bir vahidinin sabit qiyməti;
  • satınalma predmetinin həcminə görə bir vahidinin qiymətinə tətbiq edilən güzəşt;
  • təklif sorğusuna əsasən müəyyən edilməli və ya dəqiqləşdirilməli olan satınalma şərtləri, habelə yekun təkliflərin təqdim olunmasının üsulu, yeri, son tarixi və saatı;
  • satınalmanın nəticəsinə dair bağlanacaq satınalma müqaviləsinə dair tələblər;
  • çərçivə sazişinin maksimal məbləği;
  • Qanuna və çərçivə sazişinə əsasən müəyyənləşdirilən digər tələblər.

Satınalan təşkilat nəqliyyat vasitəsi, maşın, dəzgah, avadanlıq, texnika və qurğulara dövri və ya təkrar texniki xidmətin göstərilməsi (həmin xidmətlərin ayrılmaz tərkib hissəsi olan malların təqdim edilməsi də daxil olmaqla) məqsədilə açıq tender və ya kotirovka sorğusu metodlarını tətbiq etməklə çərçivə sazişi bağlaya bilər (bu zaman nəzarət orqanının razılığı tələb edilir).

Satınalma çərçivə sazişinin bağlanılması ilə nəticələnəcəyi hallarda şərtlər toplusuna aşağıdakılar daxil edilir:

  • təchizatçılarla çərçivə sazişinin bağlanacağı barədə məlumat;
  • çərçivə sazişi bağlanacaq təchizatçıların minimal və maksimal sayı;
  • çərçivə sazişinin forması və şərtləri.

Çərçivə sazişi tətbiq edilməklə satınalma iki mərhələdə keçirilir.

Satınalma komissiyası birinci mərhələdə bu Qanunla müəyyən edilmiş qaydada açıq tender və ya kotirovka sorğusu metodlarını tətbiq etməklə satınalma keçirir və tələblərə uyğun olan təchizatçılarla təkliflərin qüvvədə olma müddətinin bitməsinə 3 (üç) iş günü qalanadək çərçivə sazişini bağlayır. Bağlanılmış çərçivə sazişi bir büdcə ili ərzində qüvvədə olur və satınalan təşkilat üçün sifariş vermək öhdəliyini yaratmır.

Satınalma komissiyası ikinci mərhələdə tələbat yarandıqca satınalma predmetini aşağıdakı üsulların birindən istifadə edərək satın alır:

  1. çərçivə sazişi bağlanılmış təchizatçıların ilkin təklifinə əsasən ən aşağı qiymət təklifini və ya bu Qanuna uyğun olaraq ən səmərəli təklifi təqdim edən təchizatçını seçməklə;
  2. təklif sorğusu göndərilməklə, çərçivə sazişi bağlanmış təchizatçıların yekun təklifinə əsasən ən aşağı qiymət təklifini və ya bu Qanuna uyğun olaraq ən səmərəli təklifi təqdim edən təchizatçını seçməklə.

Satınalma komissiyası 2-ci halda göstərilən təklif sorğusunu çərçivə sazişi bağlanılmış bütün təchizatçılara göndərir. Təklif sorğusuna uyğun yekun təklifin təqdim edilməsi müddəti çərçivə sazişi ilə müəyyən olunur.

Çərçivə sazişi əsasında tələbata uyğun hər bir satınalmanın nəticəsinə dair protokol tərtib edilir və məlumat üçün 1 (bir) iş günü ərzində nəzarət orqanına göndərilir.

Yuxarıda sadalanan hər iki halda seçilmiş təchizatçı ilə çərçivə sazişində müəyyən edilmiş müddətdə sadə satınalma müqaviləsi bağlanılır. Çərçivə sazişinin, təklif sorğusunun və qeyd olunan satınalma müqaviləsinin nümunəvi forması isə Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunacaqdır.

Nəzarət orqanı

Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir və aşağıdakı səlahiyyətlərə malikdir:

  • satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək;
  • satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi ilə bağlı satınalan təşkilatlara müraciət etmək, satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək;
  • satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək;
  • satınalmalarla bağlı araşdırma aparmaq və nəticəsindən asılı olaraq bu Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək;
  • satınalma predmetinin həcminin (miqdarının) 10 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək;
  • bu Qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək;
  • satınalmalar üzrə illik hesabatı hazırlamaq və portalda yerləşdirmək;
  • Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etmək.

Qanunda həmçinin etibarsız təchizatçı anlayışına yer verilir. Belə ki, təchizatçılar aşağıdakı hallarda satınalan təşkilatın əsaslandırılmış müraciəti üzrə nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar:

  • satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırıldıqda;
  • 1 (bir) təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina etdikdə;
  • təchizatçı birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə;
  • satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirildikdə);
  • təchizatçı satınalmanın istənilən mərhələsində Qanunun tələblərinə zidd hərəkətlərə (hərəkətsizliyə) yol verdikdə, o cümlədən saxta sənəd və (və ya) məlumat təqdim etdikdə;
  • təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;
  • təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda;
  • təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;
  • satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq münasibətində olduqda.

Yuxarıda qeyd olunan hallar nəzarət orqanı tərəfindən aşkar edildikdə təchizatçılar nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunur, etibarsız təchizatçıların reyestrinə daxil edilirlər və bu barədə məlumatlar portalda yerləşdirilir.

Pozuntunun ağırlıq dərəcəsindən və təchizatçının əvvəllər belə pozuntuya yol verib-verməməsindən asılı olaraq, onun etibarsız təchizatçıların reyestrində qalma müddəti nəzarət orqanı tərəfindən müəyyən edilir. Hər bir halda bu müddət 3 (üç) ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilmir.

Avans məbləği

Əvvəlki qanunda satınalan təşkilatın satınalma müqaviləsinin yerinə yetirilməsi üçün qalib malgöndərənə (podratçıya) ödəyə biləcəyi avans məbləği satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizi ilə məhdudlaşdırılmışdı. Yeni qanunda isə mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə bu məbləğ 50 faizə qədər müəyyən edilib.

Görüşlərin qeydə alınması

Satınalan təşkilatla iştirak haqqını ödəmiş bütün təchizatçılar arasında keçirilən görüşlər videomüşahidə vasitələrinin nəzarəti altında aparılır. Həmin videomüşahidə vasitələrinin qeydə aldığı videoyazı satınalan təşkilat tərəfindən azı 6 (altı) ay müddətində saxlanılır və nəzarət orqanının müraciətinə əsasən 3 (üç) iş günü ərzində təqdim edilir. Həmçinin keçirilən görüşün nəticələri protokolla rəsmiləşdirilir. Protokol nəzərə alınmaq üçün iştirak haqqını ödəmiş bütün təchizatçılara həmin gün göndərilir və portalda yerləşdirilir.

Satınalma mərhələləri

Köhnə qanunda satınalma 3 mərhələdən ibarət sadə prosedur kimi müəyyən edilirdisə, yeni qanunda satınalma üzrə ümumilikdə 13 mərhələ müəyyən edilmişdir (əvvəlki qanunda mövcud olan mərhələlər fərqləndirilib).

  1. satınalma planının hazırlanması və ehtimal olunan qiymətin müəyyənləşdirilməsi;
  2. satınalma komissiyasının formalaşdırılması;
  3. təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluğa dair sənədlər toplusunun hazırlanması və bununla bağlı elan verilməsi (dəvət göndərilməsi);
  4. şərtlər toplusunun hazırlanması;
  5. təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi);
  6. təkliflərin qəbulu və açılması;
  7. təkliflərin qiymətləndirilməsi;
  8. satınalmanın nəticələri haqqında yekun protokolun hazırlanması və təsdiq olunması məqsədilə nəzarət orqanına təqdim edilməsi;
  9. çərçivə sazişi tətbiq edildikdə, çərçivə sazişinin bağlanması;
  10. təklifin akseptinə dair bildirişin və imzalanması üçün satınalma müqaviləsinin təchizatçıya təqdim edilməsi;
  11. təchizatçı tərəfindən satınalma müqaviləsinin imzalanması, satınalan təşkilata bu Qanuna əsasən tələb olunan icra təminatının və (və ya) avans təminatının təqdim edilməsi;
  12. satınalan təşkilat tərəfindən satınalma müqaviləsinin imzalanması və satınalma müqaviləsinin qüvvəyə minməsi;
  13. satınalmaya dair hesabatın hazırlanması.

Şikayət hüququ

Yeni qanunda şikayət verilə bilməyən halların dairəsi daha konkret göstərilmiş, həmçinin çərçivə sazişinə əsasən satınalan təşkilat tərəfindən sifarişin verilməməsi halında təchizatçının şikayət vermək hüququ şikayət predmeti kimi nəzərə alınmamışdır.

Satınalma metodları

Yeni qanunda 5 fərqli satınalma metodu müəyyən edilmişdir: açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu. Əvvəlki qanundan fərqli olaraq yeni qanunda dövlət satınalmalarında məhdud iştiraklı tender və təkliflər sorğusu metodlarından istifadə edilməsi nəzərdə tutulmamışdır.

Kotirovka sorğusu

Yeni qanuna əsasən kotirovka sorğusu ehtimal olunan qiymət 100 000 manatdan az olduqda tətbiq edilir. Bununla belə, ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir:

  • ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar;
  • ehtimal olunan qiymət 30 000 manatdan 100 000 manatadək olduqda – mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar.

Sənədlərin və məlumatların təqdim edilməsi

Yeni qanunda lazımi sənəd və məlumatların daha operativ toplanması üçün daha bir müddəa əlavə edilib. Belə ki, dövlət satınalmalarında iştirak üçün sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təchizatçıdan tələb edilməyəcək. Həmin sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda isə onların təqdim edilməsi təchizatçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya təchizatçı tərəfindən təmin ediləcək.

Satınalmalarda sənədləşdirilmənin aparılması dili

Əvvəlki qanunda ixtisas uyğunluğunun müəyyənləşdirilməsinə dair sənədlər toplusu, tenderin əsas şərtlər toplusu, təkliflərin, ofertaların və kotirovkaların cəlb olunmasına dair sənədlərin Azərbaycan Respublikasının dövlət dilində tərtib olunması, zərurət olduqda isə həmin sənədlərin beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluması nəzərdə tutulurdu. Lakin əsas sənəd və onun tərcüməsi arasındakı ziddiyyətlə bağlı heç bir qayda müəyyən edilməmişdi.

Yeni qanuna əsasən bu halda, satınalmalara dair sənədlər arasında ziddiyyət yaranarsa, Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmuş sənədlərə üstünlük veriləcək. Bununla belə qeyd olunur ki, qeyri-rezident təchizatçılar tərəfindən sənədlər (məlumatlar) uyğunluğa dair sənədlər toplusunda və şərtlər toplusunda nəzərdə tutulduqda həmin xarici dildə təqdim oluna bilər.

Satınalma komissiyasının formalaşdırılması

Əvvəlki qanunda əsasən, tender predmetinin ehtimal olunan qiyməti 5 milyard manat, büdcədən maliyyələşdirilən təşkilatlarda isə 1.5 milyard manat və ya müvafiq olaraq sərbəst dönərli valyuta ilə buna ekvivalent məbləğdən yüksək olduqda, tender komissiyasının tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının vəkaləti ilə onların nümayəndələri daxil edilməli idi. Yeni qanunda isə bu tələb ləğv edilmişdir.

Təminat tələbi

Yeni qanunla satınalma komissiyası tərəfindən təklifin təminatı ehtimal olunan qiymətin 1-3 faizi həcmində müəyyənləşdirilir. Əvvəlki qanunda isə bu həcm yalnız 1% təşkil edirdi.

Həmçinin köhnə qanunda yalnız açıq tenderin keçirilməsi zamanı qiyməti 100 000 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi ilə bağlı icra təminatı tələb olunmurdu. Yeni qanunda isə tətbiq edilən satınalma metodundan asılı olmayaraq ümumi məbləği 30 000 manatdan az olan satınalma müqaviləsi üzrə icra təminatı tələb olunmur.

İcra təminatının məbləği satınalma müqaviləsinin ümumi məbləği əvvəlki qanunda bir qayda olaraq 2-5 faiz olaraq müəyyən edilmişdi. Yeni qanunda həcm 10 faiz olaraq müəyyən olunur. Mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə bu məbləğ 5 faiz olaraq müəyyən edilir.

 

 

 

Müddətlər

Elan müddətləri

Əvvəlki qanunda qeyd edilirdi ki, açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan mediada, habelə rəsmi internet saytında verilməlidir. Açıq tender elektron satınalma vasitəsilə keçirildikdə isə bu müddətlər müvafiq olaraq 20 bank günü və 10 bank günü olaraq müəyyən edilmişdi.

Yeni qanunda isə bu müddət həm açıq, həm də qapalı tenderdə ehtimal olunan qiymətə mütənasib olaraq dəyişir. Ehtimal olunan qiymət:

  • 1 000 000 manatadək olduqda 15 (on beş) iş günü
  • 1 000 000 manatdan 10 000 000 manatadək olduqda 20 (iyirmi) iş günü
  • 10 000 000 manat və ondan çox olduqda 30 (otuz) iş günü;

Əvvəlki qanunda ikimərhələli tenderin elanı üçün ilkin müddət azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü olaraq müəyyən edilmişdi. Yeni qanuna əsasən iki mərhələli tender metodu üzrə elan müddəti (birinci mərhələnin təkliflərinə münasibətdə) 40 (qırx) iş günü, ikinci mərhələ üçün isə azı 20 (iyirmi) iş günü kimi müəyyən edir.

Satınalma komissiyasına üzv olmama müddəti

Satınalma komissiyası bu Qanunun və bu Qanundan irəli gələn normativ hüquqi aktların tələblərini pozduqda, təchizatçılar nəzarət orqanına müraciət edə bilərlər. Nəzarət orqanı satınalmanın təşkili və keçirilməsi zamanı normativ hüquqi aktların pozulmasını təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan təşkilat həmin hal üzrə yeni satınalma keçirir. Bu halda, qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, satınalma komissiyasının sədri və digər üzvləri 5 (beş) il ərzində hər hansı satınalma komissiyasının sədri və ya üzvü olmaq hüququndan məhrum edilir. Daha əvvəl bu müddət 3 (üç) il olaraq müəyyən edilmişdi.

Şikayət verilməsi müddəti

Həm əvvəlki, həm də yeni qanunda kənarlaşdırılmış və ya iştirak etməyən təchizatçıların satınalma müqaviləsi qüvvəyə minənə qədər öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 15 (on beş) iş günü ərzində satınalan təşkilata şikayət vermək hüququ müəyyən edilmişdir.

Əvvəlki qanunda şikayətə baxılma müddəti 20 bank günü, mikro, kiçik və orta sahibkarlıq sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının məcburiliyi halında isə 10 bank günü olaraq müəyyən edildiyi halda, yeni qanuna əsasən satınalan təşkilat verilmiş şikayəti 10 (on) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir və həmin qərarın qəbul edildiyi gündən 1 (bir) iş günü ərzində şikayət edən təchizatçıya göndərir.