Elektron ticarətlə məşğul olan qeyri-rezidentlər üçün yeni vergi qaydaları
Elektron ticarətlə məşğul olan qeyri-rezidentlər üçün yeni vergi qaydaları

 

Elektron ticarətlə məşğul olan qeyri-rezidentlər üçün yeni vergi qaydaları

 

1 Noyabr 2023-cü il tarixdən qüvvəyə minmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydaları rezidentlərə elektron ticarət qaydasında xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması ilə bağlı təşkilati və hüquqi əsasları müəyyən edir.

Qaydanın məqsədləri üçün internet vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezident dedikdə internet vasitəsilə xidmətlərin göstərilməsi, o cümlədən elektron kitabların, musiqinin, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər üzrə satıcı (təchizatçı) kimi çıxış edən,  rezident anlayışı ilə əhatə edilməyən qeyri-rezident şəxs nəzərdə tutulur.

Qaydalar Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinə uyğun olaraq hazırlamışdır və Qaydalarda istifadə olunan anlayışlar Vergi Məcəlləsi ilə müəyyən edilən mənaları ifadə edir.

 

Elektron ticarətin ƏDV-yə cəlb edilməsi

 

Elektron ticarət həyata keçirən qeyri-rezidentlər ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna (bundan sonra - vergi uçotu) alınırlar.

Bununla belə, daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentlər Qaydaların təsir dairəsinə düşmür.

Qeyri-rezident tərəfindən Qaydaların məqsədləri üçün nəzərdə tutulan xidmətlər üzrə aşağıdakı şərtlərdən hər hansı biri ödənildiyi halda qeyri-rezident tərəfindən vergi bəyannaməsi təqdim edilir:

  • xidmətləri qəbul edən rezident şəxs ödənişi Azərbaycan Respublikasında yerləşən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı, poçt rabitəsinin milli operatoru və ya digər ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirdikdə;
  • xidmətləri qəbul edən rezident şəxs Azərbaycan Respublikasında yerləşdikdə;
  • xidmətləri almaq üçün həmin xidmətləri qəbul edən rezident şəxsin istifadə etdiyi cihazın IP ünvanı Azərbaycan Respublikasında yerləşdikdə;
  • xidmətləri almaq və ya ödənişi etmək üçün rezident şəxsin istifadə etdiyi mobil operatorların ölkə kodu Azərbaycan Respublikasına aid olduqda.

Qaydaya əsasən uçota alınan qeyri-rezident şəxs tərəfindən ƏDV məqsədləri üçün işlərin və xidmətlərin göstərilməsi vergi agenti (xidməti alan) tərəfindən ödəmə mənbəyində vergiyə (ÖMV) cəlb edilmir və bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq ümumi qaydada hesablanıb ödənilir.

 

Qeyri-rezidentin vergi uçotuna alınması

 

Qeyri-rezident vergi uçotuna alınmaq üçün aşağıda qeyd olunan məlumatları və sənədləri Dövlət Vergi Xidmətinin elektron ticarət iştirakçılarının vergi inzibatçılığına dair platformasına (bundan sonra - platforma) daxil edir:

  • tam adı;
  • rezidenti olduğu ölkənin adı;
  • hüquqi ünvanı və baş ofisin yerləşdiyi faktiki ünvanı, poçt indeksi;
  • internet səhifəsi (mövcud olduqda);
  • elektron poçt ünvanı;
  • qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədinin nömrəsi;
  • qeydiyyata alındığı dövlətdə vergi uçotu nömrəsi;
  • əsas fəaliyyət sahəsi (sahələri);
  • vergi ödənişinin aparılacağı valyuta; (manat, ABŞ dolları, avro və ya funt sterlinq);
  • Azərbaycan Respublikasının vergi orqanında uçotda olan şəxs kimi fəaliyyətə başlayacağı tarix;
  • vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə azı 2 (iki) məsul şəxsin məlumatları (soyadı, adı, atasının adı, vəzifəsi, elektron poçt ünvanı və əlaqə telefonu).

 

Aşağıdakı təsdiqedici sənədlərin elektron nüsxəsi platforma üzərindən əlavə edilir (qeyd olunan sənədlərin düzgünlüyü mənbəyi bəlli olan məlumatlardan, beynəlxalq məlumat bazalarından və beynəlxalq müqavilələr çərçivəsində əldə edilən məlumatlardan istifadə etməklə Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır):

  • qeyri-rezidentin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) və ya vergi uçotu sənədi;
  • məsul şəxsin təyin edilməsini təsdiq edən sənəd (qərar, əmək müqaviləsi və s.).

Uçot məlumatlarında dəyişiklik qeyri-rezidentin müraciəti əsasında həyata keçirilir. Qeyri-rezident tərəfindən daxil edilmiş məlumatların və sənədlərin vergi orqanlarında mövcud olan məlumat bazalarından istifadə etməklə 20 (iyirmi) iş günü müddətində bu Qaydaya uyğunluğu yoxlanılır. Məlumatlar və sənədlər tələblərə uyğun olduqda və qeyd olunan imtina halları aşkar edilmədikdə qeyri-rezident şəxs uçota alınır.

Dövlət Vergi Xidməti tərəfindən qeyri-rezident uçota alınarkən ona VÖEN verilir. Verilən VÖEN qeyri-rezidentin elektron poçt ünvanına göndərilir və qeyri-rezident bu barədə platforma vasitəsilə məlumatlandırılır. Platformaya daxil olmaq üçün qeyri-rezidentə avtomatik qaydada login və parol təqdim edilir.

Aşağıdakı hallarda isə qeyri-rezidentin uçota alınmasından imtina edilir:

  • qanunla qadağan edilən fəaliyyəti həyata keçirdikdə;
  • təqdim edilən sənəd və məlumatlarda düzgün olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə;
  • Qaydaların məqsədləri üçün qeyri-rezident hesab edilməyən, daimi nümayəndəlik vasitəsilə faəliyyət göstərən, uçot məlumatları və təsdiqedici sənədlər üzrə tələblərə cavab vermədikdə.

 

Qeyri-rezidentin yenidən uçota alınması və uçotdan çıxarılması

 

Qeyri-rezident aşağıdakı hallarda uçotdan çıxarılır:

  • qeyri-rezident vergi bəyannaməsini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim etməməsi barədə vergi orqanının xəbərdarlığından sonra 30 (otuz) iş günü müddətində təqdim etmədikdə;
  • qeyri-rezident vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim etməməsi barədə vergi orqanının xəbərdarlığından sonra 30 (otuz) iş günü müddətində yerinə yetirmədikdə;
  • vergi orqanına qeyri-rezidentin uçotdan çıxarılması ilə bağlı müraciəti daxil olduqda;
  • qeyri-rezidentin fəaliyyətinə xitam verildikdə;
  • vergi uçotuna alınması üçün müraciət zamanı qeyri-rezidentin təqdim etdiyi məlumatlarda və sənədlərdə sonradan düzgün olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.

 

Qeyri-rezidentin fəaliyyətinə xitam verilməsi istisna olmaqla, digər hallarda uçotdan çıxarılan qeyri-rezident bu Qaydaya uyğun olaraq təkrar müraciət etdikdə, yenidən uçota alınır (bu şərtlə ki, yenidən uçota alındıqdan sonra qeyri-rezident tərəfindən əvvəlki öhdəliklər yerinə yetirilsin).

Qeyri-rezident uçotdan çıxarıldıqdan sonra yaranan vergi öhdəliyi Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq yerinə yetirilir. Yəni, qeyri-rezident vergi uçotundan çıxarıldıqdan sonra ondan xidmət almış rezident şəxs qeyri-rezidentin vergi agenti qismində onun vergi öhdəliklərini yerinə yetirir.

 

Elektron ticarəti həyata keçirən qeyri-rezidentin öhdəlikləri

 

Qaydalarda qeyri-rezident üçün 2 öhdəlik müəyyən edilmişdir:

  • Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ƏDV bəyannaməsini təqdim etmək və vergiləri ödəmək;
  • vergi uçotuna alınarkən onun barəsində platformaya daxil edilmiş məlumatlarda dəyişiklik baş verdikdə, bu cür dəyişiklik baş verdiyi gündən 20 (iyirmi) iş günü müddətində vergi orqanına müraciət etmək.

Qeyri-rezident təqdim etdiyi bütün sənədlərin və məlumatların, eləcə də təqdim edildikdən sonra dəyişdirilmiş (yenilənmiş) sənədlərin və məlumatların düzgünlüyünə cavabdehdir.

 

Məlumatların məxfi saxlanılması

 

Qeyri-rezidentlərdən əldə edilmiş məlumatlar kommersiya və (və ya) vergi sirri hesab edilir və həmin məlumatlardan yalnız vergitutma məqsədləri üçün istifadə edilə bilər. Aşağıdakı məlumatlar isə istisna təşkil edir:

  • vergi ödəyicisinin razılığı ilə aşkar edilən;
  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və təsərrüfat subyektinin (obyektinin) uçot kodu haqqında;
  • müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;
  • vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında.
  • vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borclar.
  • hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla).
  • vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında;
  • vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında;
  • vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında;

 

Verginin ödənilməsi

 

Qeyri-rezidentlərdən vergi borclarının alınması ilə bağlı Azərbaycan Respublikası vergi qanunvericiliyinin müddəaları tətbiq edilir.

Qeyri-rezidentin rezident olduğu dövlətlə Azərbaycan Respublikası arasında vergi borclarının alınmasını tənzimləyən ikitərəfli beynəlxalq müqavilə və ya hər iki dövlətin qoşulduğu çoxtərəfli beynəlxalq müqavilə mövcud olduqda, həmin qeyri-rezidentlərdən vergi borclarının alınması müvafiq beynəlxalq müqavilələrin müddəalarına əsasən həyata keçirilir.

 

Sənədlərə dair tələblər

 

Qeyri-rezident tərəfindən vergi uçotuna alınmaq üçün platformaya daxil edilən təsdiqedici sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları (və ya həmin ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi) tərəfindən leqallaşdırılmaqla təqdim edilir.

Lakin qeyri-rezident şəxsin rezidenti olduğu ölkə “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyasına qoşulduğu və bu Konvensiya Azərbaycan Respublikası ilə həmin dövlət arasında tətbiq edildiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda sənədlərə həmin ölkənin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil vurulur.

Qeyri-rezident şəxsin rezidenti olduğu ölkə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Kişinyov Konvensiyasına qoşulduğu və bu Konvensiya Azərbaycan Respublikası ilə həmin dövlət arasında tətbiq edildiyi halda həmin dövlətin səlahiyyətli orqanı, yaxud şəxsi tərəfindən öz səlahiyyəti çərçivəsində verilmiş və gerbli möhürlə təsdiqlənmiş sənədlər leqallaşdırılmadan və apostil verilmədən qəbul edilir.

Azərbaycan Respublikasının və qeyri-rezident şəxsin rezidenti olduğu ölkənin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdə yuxarıda göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, sənədlərin rəsmiləşdirilməsi həmin beynəlxalq sazişlərə uyğun qaydada həyata keçirilir.

Qeyd olunan təsdiqedici sənədlər Azərbaycan və ya ingilis dillərində təqdim olunur. Sənədlər və ya məlumatlar digər dildə olduğu halda onların Azərbaycan və ya ingilis dilinə təsdiq edilmiş tərcüməsi də təqdim edilməlidir.