Yeni Koronavirusun hüquqi təsirləri
Yeni Koronavirusun hüquqi təsirləri

 

Yeni Koronavirusun (COVID-19) hüquqi təsirləri

 

Ümumdünya Səhiyyə Təşkilatı 30 yanvar 2020-ci ildə yeni koronavirusun (COVID-19) yayılması ilə bağlı İctimai Səhiyyədə Beynəlxalq Fövqəladə Vəziyyət barədə bəyanat yaymışdır. Bununla belə, səyahət və ya ticarət məhdudiyyətləri tətbiq edilməmişdir.

Yeni Koronavirus epidemiyasının yayılması bir çox təşkilatların fəaliyyətinə mənfi təsir etməkdədir, amma Azərbaycanda rəsmi olaraq yalnız məktəblər və digər təhsil müəssisələri bağlanmışdır.

Yaranmış vəziyyət kommersiya fəaliyyətində öhdəliklərin yerinə yetirilməsində problemlərə yol aça bilər; bura müxtəlif xarakterli təchizat müqavilələri (xüsusilə malların beynəlxalq alışı), daşıma və nəqliyyat xidmətləri, icarə münasibətləri (məsələn, otellərin və restoranların icarə haqqının ödənilməsi), işlərin görülməsi (tikinti, təmir), ictimai tədbirlər (konsertlər, idman oyunları), səyahət paketləri və turizm xidmətləri,  sığorta xidmətləri (səyahət sığortası, biznes riski sığortası) və digərləri aid edilə bilər.

Azərbaycan qanunvericiliyində yeni koronavirus epidemiyası və oxşar hallarla əlaqədar əsas hüquqi təsirləri aşağıdakı kimi qruplaşdıra bilərik:

 

  1. Qarşısıalınmaz qüvvə (fors-major)

 

İlk növbədə qeyd edilməlidir ki, qarşısıalınmaz qüvvə (fors-major) yalnız müqavilədə bu barədə bənd olduqda tətbiq edilə bilər. Müqavilədə belə maddə yoxdursa, müqavilə öhdəliklərinə fors-major ilə əlaqədar müddəalar tətbiq edilməyəcəkdir. Fors major maddəsi varsa, xüsusi olaraq epidemiya qeyd edilmişdirsə (və ya ümumi verilmiş anlayışa virus epidemiyası aid edilə bilərsə), bununla əlaqədar öhdəliyin yerinə yetirilməsi qeyri-mümkün olmalıdır ki, məsuliyyətdən azad olunsun. Xüsusilə vurğulanmalıdır ki, öhdəliyin icrasının (ödənişlərin edilməsi çətinliyi, gəlirlərin azalması, işçilərin xəstələnməsi, təchizatçıların malları gecikdirməsi ilə bağlılıq və s) daha xərcli və ya daha çətin olması yox, qeyri-mümkün olması fors-majora istinad etməyə əsas verir. Əlavə qeyd edək ki, fors-majora istinad edən tərəf dərhal qarşı tərəfə məlumat verməli və fors-majorun mənfi nəticələrini azaltmaq üçün bütün ağlabatan tədbirləri görməlidir. Məsələn, Çindən məhsulun idxalı ilə bağlı öhdəlik karantin tədbirləri ilə bağlı gecikərsə, bu fors major hesab edilə bilər və bu gecikmələr cəriməyə səbəb olmayacaqdır. Və ya şirkətdə 10 işçidən 2-sinin yeni koronavirus xəstəliyinə tutulması, işin vaxtında görülməsinə təsir edə və ya şirkətə əlavə xərclərə və ya əlavə işçi dəstəyi almasına təsir edə bilər – bu hallar fors-major hesab edilməyəkdir. İşçilərin hamısının  və ya böyük əksəriyyətinin (rəhbər heyət daxil olmaqla) xəstələnməsi və ya karantində saxlanılması isə fors-major hesab edilə bilər.   

 

  1. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi

 

Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya xitamına səbəb ola bilər. Bunun üçün şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Fors-majordan fərqli olaraq, müqavilədə bu halın xüsusi müəyyən edilib-edilməməsindən asılı olmayaraq, bu prinsip Mülki Məcəllənin 422-ci maddəsinə istinadən tətbiq edilə bilər. Sübutu Fors-majordan daha çətin olmaqla bərabər, xüsusilə qeyri-adi hadisələri əhatə etməlidir. Belə ki, müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüş olmalıdırlar.

Məsələn, Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsinə dair 7 sentyabr 2018-ci il tarixli Qərarında manatın devalvasiyasını şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etməmiş və bildirmişdir ki, iqtisadi münasibətin iştirakçısı üçün valyuta məzənnələrinin sabit olmaması aydın olmalı idi.

Oxşar əsaslandırma ilə, əvvəlki dövrlərdə müxtəlif virus epidemiyalarını, habelə ümumiyyətlə qrip virusunun (əlamətləri, mövsümiliyi və s), onun hərhansı növünün mümkünlüyü aydın ola bilərdi. Hazırki vəziyyətdə yeni koronavirus epidemiyasını şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olmaz. Epidemiya bir neçə ay uzanarsa (xüsusilə tipik olmayan yay aylarında da davam edərsə) və dairəsi həddindən artıq yayılarsa (kütləvi bütün tədbirlərin ləğvinə, iş yerlərinin böyük əksəriyyətinin xüsusi rejimdə çalışmasına və s. səbəb olarsa) bu vəziyyəti gələcəkdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olar.

 

  1. Zərər vurmalar (deliktlər)

 

Mülki qaydada zərər vurma tərəflər arasında müqavilə olmadıqda tətbiq edilir (müqavilə olduqda və zərərvurma ilə bağlı daha ağır müddəalar yoxdursa, bəzi hallarda yenə tətbiq edilə bilər). Zərər vurma dedikdə hüquqla qorunan şəxsə təqsirli qaydada zərər və ya ziyan vurma başa düşülür.

İlk növbədə səhiyyə müəssisələri (burada risk daha çoxdur), habelə ictimai tədbir təşkilatçıları (konsert, teatr, idman oyunları) və hətta adi müəssisələr (işəgötürənlər) belə ehtiyatsızlıqdan virusun yayılmasına yol vermişlərsə, bu şəxsin sağlamlığına zərər vurma hesab edilə bilər. Şəxsin səhiyyə müəsisəsində virusa yoluxması səhiyyə müəssisəsinin hər hansı təqsirli hərəkəti ilə əlaqədar deyilsə, məsuliyyətə yol aça bilməz. Səhiyyə müəssisəsi protokol qaydalarına tam əməl etməyibsə (məsələn, karantindəki şəxslərin və ya xəstə şəxslərin digərləri ilə təmasının qarşısı alınmayıb), məsuliyyəti yaranacaqdır.

Digər müəssisə və şirkətlərə münasibətdə isə şirkətin (müəssisənin) digərlərinə qarşı qayğı öhdəliyinin olması sübut edilməlidir. Məsələn, işəgötürən iş yerlərində təhlükəsiz və sağlam iş rejimi təmin etməlidir, eyni öhdəlik ictimai tədbir təşkilatçılarına da aiddir. Virusun yayıldığı bilinirdisə və ya bilinməli idisə, buna baxmayaraq hər hansı qabaqlayıcı əməli tədbir görülməmişdirsə və hadisələrin adi axarında xəstəliyin digər şəxslərə yayılmasını görmək mümkündürsə, bu məsuliyyətə səbəb ola bilər. Bu hal konkret tədbirdən və müəssisədən, yerdən asılı olaraq fərqli ola bilər. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında olduğu kimi, hazırda bu çox aktual olmasa da, yuxarıda qeyd edilmiş şərtlərə uyğun olaraq, bu hal da ciddi nəticələrə səbəb ola bilər.

 

Qeyd: Bu yazıda əksini tapanlar hüquqi rəy və ya məsləhət kimi hesab edilə bilməz, habelə konkret qeyd edilənlər istisna olmaqla hər hansı digər faktı (epidemiya yayılmasını) bəyan etməyərək hipotetik təhlil xarakteri daşıyır. Caspian Legal Centerin təqdim etdiyi hüquq və vergi məsləhətləri ilə bağlı www.caspianlegalcenter.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.