Dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilmişdir
Dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilmişdir

 

Dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilmişdir

 

27 dekabr 2022-ci il tarixində dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra: Qanun) qəbul edilmişdir. Qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair Qanuna uyğun olaraq bağlanılan müqaviləyə əsaslanan dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyətidir.

 

Dövlət-özəl tərəfdaşlığı qanunun aliliyi, azad rəqabətin qorunması, şəffaflıq və səmərəliliyin artırılması, iddiaçıların hüquq bərabərliyi və tərəflər arasında maraq və risk balansının qorunması prinsipləri əsasında həyata keçirilir.

 

Qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra Səlahiyyətli Orqan) tərəfindən təşkil edilən müsabiqə və ya birbaşa danışıqlarla, həmçinin, iddiaçının özəl təşəbbüsü əsasında baş tuta bilər.

 

Səlahiyyətli Orqan dövlət-özəl tərəfdaşlığı layihəsi, müsabiqə qalibinin seçilməsi şərtləri və meyarları, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin əsas şərtləri, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində davam edən və başa çatdırılmış layihələr, layihələrin icra vəziyyətinə dair hesabatlar haqqında elektron məlumat bazasını yaradır və idarə edir. Səlahiyyətli Orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını qüvvədə olan strateji sənədlər əsasında hazırlayır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra hər il üzrə elektron məlumat bazasında və özünün rəsmi internet səhifəsində yerləşdirir, habelə mediada dərc etdirir.

 

Dövlət-özəl tərəfdaşlığı layihəsinə “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar şamil edilir.

 

Dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində özəl tərəfdaşa Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət tərəfindən müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş aşağıdakı dövlət dəstəyi və təminatlar verilə bilər:

- dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığın verilməsinin təşkili;

- dövlət-özəl tərəfdaşlığı layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat;

- dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat;

- subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu;

- tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat;

- Azərbaycan Respublikasının ərazisi və ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müvəqqəti olaraq müstəsna hüquqların verilməsi;

- dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan hallarda, özəl tərəfdaşın çəkdiyi xərclərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi.

 

Qanuna görə, dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 (qırx doqquz) il müəyyən edilmişdir.

 

Məsələ ilə bağlı hər hansı sualınız varsa, və ya əlavə məlumat almaq istəsəniz, bizimlə əlaqə saxlaya bilərsiniz.