Ödəmə mənbəyində tutulan vergilər - ÖMV tutulma qaydası
ödəmə mənbəyində vergilərin tutulması - ÖMV vergiləri

 

 

Ödəmə mənbəyində vergilərin tutulması

 

Ödəmə mənbəyində tutulan vergilərin (ÖMV) növləri

Ödəmə mənbəyində vergi Azərbaycan Respublikası Vergi Məcəlləsində vergilərin bir növü kimi nəzərdə tutulmayıb, gəlir əldə şəxs əvəzindən bu gəliri ödəyən şəxsin ödədiyi vergilər hesab olunur. Qeyri-rezident hüquqi şəxslər və fərdi sahibkarların Azərbaycan mənbəyindən əldə olunan gəlirlərindən rezident vergi ödəyiciləri tərəfindən müvafiq vergilər tutulur, bəyan edilir və büdcəyə ödənilir. Əlavə olaraq, Vergi Məcəlləsində rezident vergi ödəyicisindən Azərbaycan daxilində ödəniş həyata keçirərkən fiziki şəxslərin gəlirinin ödəmə mənbəyində tutulmasını nəzərdə tutan xüsusi hallar mövcuddur.

Azərbaycanda ödəmə mənbəyində tutulan vergilər aşağıdakı kimi qruplaşdırılır:

  1. Qeyri-rezident şəxslər üzrə ödəmə mənbəyində vergi- rezident vergi ödəyicisi tərəfindən qeyri-rezident hüquqi şəxslərin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərindən tutulur;
  2. Azərbaycan daxilində ödəmə mənbəyində tutulan vergilər- Rezident müəssisələr tərəfindən vergi ödəyicisi olmayan şəxslərin gəlirlərindən tutulan vergilər.

 

Qeyri-rezident şəxslər üzrə ödəmə mənbəyində tutulan vergilər aşağıdakılardır:

  1. Dividend gəliri – 10%. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividendlər 1 Fevral 2023-cü ilədək vergidən azaddır.
  2. Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulması – 10%. Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
  3. Faizlər – 10%. Rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
  4. Sığorta ödəmələri – 4%. Rezident müəssisəsinin və ya sahibkarın lizinq, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödəmələri, habelə riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələrindən ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergi tutulur.
  5. Beynəlxalq rabitə və daşımalar – 6%. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri üzr ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.
  6. Azərbaycan mənbəyindən əldə olunmuş gəlirlər – 10%. Hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri 10 faiz dərəcə ilə vergiyə cəlb olunur.
  7. İcarə haqları– 14%. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
  8. Royalti – 14% Rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə 14% dərəcə ilə vergi tutulur.
  9. Elektron pul kisəsində yaradılan hesaba pul köçürülməsi – 10%. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
  10. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərin bank hesabına köçürmələr – 10%. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən 10% məbləğində ödəmə  mənbəyində vergi tutulur. Hər il Azərbaycan Respublikası Prezidentinin təsdiqi ilə güzəştli vergi tutulan ölkələrin siyahısı yenilənir.

 

 

Azərbaycan daxilində tətbiq edilən ödəmə mənbəyində tutulan vergilər:

 

  1. Dividend gəliri – 10%. Azərbaycan Vergi Məcəlləsində bununla bağlı hər hansı fərqli tənzimləmə nəzərdə tutulmur və yuxarıda izah olunan müddəa burada da tətbiq olunur.
  2. Faizlər – 10%. Azərbaycan Vergi Məcəlləsində bununla bağlı hər hansı fərqli tənzimləmə nəzərdə tutulmur və yuxarıda izah olunan müddəa burada da tətbiq olunur.
  3. İşçilərin əməkhaqqısı və vergi ödəyicisi olmayan şəxslərin gəlirləri – İşəgötürən işçilərin maaşları, mükafatlar və bu qəbildən olan digər ödənişlərdən 14% (2500 manatdan yuxarı olduqda 25%) dərəcə ilə vergi tutur. İşçilərin gəlir vergisi haqqında ətraflı məlumat üçün buradakı məqaləmizə baxın.
  4. İcarə haqqı – 14%. Əgər icarəyəverən vergi ödəyicisi deyilsə, bu zaman qeydiyyatdan keçmiş vergi ödəyicisi icarə haqqlarını ödəyərkən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutub büdcəyə ödəməlidir. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir. Həmçinin, hüquqi şəxslər icarə haqqından gəlirlər üzrə 20% dərəcə ilə mənfəət vergisi ödəməlidir.
  5. Royalti – 14% Rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə 14% dərəcə ilə vergi tutulur.
  6. Daşınmaz əmlakın satışından gəlir vergisi. Burada xüsusi hesablamalar tətbiq edilir. Daşınmaz əmlakın satışı ilə məşğul olan notariuslar və hərrac təşkilatları Vergi Məcəlləsinə uyğun olaraq, satış məbləğindən müəyyən faizlərlə vergi tutulmasını həyata keçirirlər.
  7. 1% nağdlaşdırma vergisi. Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə vergi hesablanır.
  8. Ödəmə mənbəyində tutulan vergilər üzrə xüsusi hallar. Lotereya və qumar oyunlarından əldə edilən gəlirlər, nağd ödənişlər haqqında qanuna uyğun olaraq vergi ödəyicilərinə nağd ödənişlər və s.

 

 

Yuxarıda izah edilən ödəmə mənbəyində tutulan vergilər və dərəcələr Azərbaycanda ümumi vergi rejiminə daxildir. Xüsusi vergi rejimləri bəzi hallarda tətbiq olunur, məsələn, yerli vergi qanunvericiliyindən üstün olan beynəlxalq sazişlərin müddəaları.

 

Beynəlxalq sazişlərin üzrə ödəmə mənbəyində vergilərin tutulması

 

Hasilatın pay bölgüsü sazişləri üzrə ödəmə mənbəyində vergilər (neft-qaz sahəsi)

 

Neft və qazın hasilatı və daşınması ilə əlaqədar hasilatın pay bölgüsü və əsas ixrac boru kəməri haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən müəssisələr xüsusi vergi rejimli müəssisələr hesab olunur.

Mənfəət vergisinin əvəzinə neft-qaz sahəsində fəaliyyət göstərən xarici vergi ödəyiciləri (qeyri-rezident müəssislər) ödəmə mənbəyində vergilərin tutulması 5-10 dərəcə ilə tutulur. Azərbaycandakı müxtəlif sazişlər üzrə müxtəlif vergi dərəcələri mövcuddur. Məsələn, kompensasiya edilə bilən xərclər istisna olmaqla, xarici subpodratçılara edilən ümumi ödənişlərdən Azəri-Çıraq-Günəşli sazişi üzrə - 5%, Şahdəniz sazişi üzrə - 6.25% dərəcələri ilə ödəmə mənbəyində vergi tutulur.

 

 

İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər üzrə ödəmə mənbəyində vergilərin tutulması

 

Xarici ölkələr arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər vergi dərəcələrinin müxtəlif olmasından yarana biləcək məsələlərin həllini nəzərdə tutur. Azərbaycan  55 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş bağlamışdır.Bu sazişlərdən 53-ü qüvvədədir, qalan 2 saziş isə hələ qüvvəyə minməyib. Əgər DTA (ikiqat vergitutmanın aradan qaldırılması)-larda müəyyən olunmuş ödəmə mənbəyində verginin dərəcəsi Azərbaycandan yüksəkdirsə, bu zaman yerli Vergi Məcəlləsində müəyyən olunmuş faizlər tətbiq olunur. Məsələn, Birləşmiş Krallıq, İsveçrə, Kanada, Belçika, Almaniya, Yaponiya, Maldova, Norveç və s. ölkələrlə Azərbaycan arasındakı sazişlərdə  dividendlərdən tutulan ödəmə mənbəyində verginin dərəcəsi 15%-dir. Lakin, Azərbaycanda bu faiz 10% olduğu üçün, Azərbaycanda yerli Vergi Məcəlləsinin icazə verdiyi maksimum faizlər üzrə vergi tutulmalıdır (10%). İkiqat vrgitutmanın aradan qaldırılması üzrə sazişlərdə qeyd olunmuş faiz dərəcəsi Azərbaycanda tətbiq olunan faiz dərəcəsində aşağı olduğu hallarda isə, Vergi Məcəlləsinin müddəaları deyil, beynəlxalq sazişlərdə qeyd olunmuş faizlər üzrə vergi tətbiq edilir. Məsələn, Ruminiya, İsveç, Sloveniya, Danimarka, Macarıstan (bəzi şərtlərlə), İordaniya, Yunanıstan, Malta və Makedoniya ilə olan ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərdə faizlərdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 8% müəyyən edilmişdir. Deməli, bu ölkələrlə olan əməliyyatlarda faizlərdən ödəmə mənbəyində 8% dərəcə ilə vergi tutulacaq (10% yox).

2017-ci il 12 iyun tarixli İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarına əsasən, xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında əldə edilən gəlirinə münasibətdə beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi məqsədilə DTA-03 ərizə forması doldurulur və Azərbaycan Respublikasında ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız formada təqdim edilir. DTA-03 forması gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

Gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından razılıq məktubunu, gəliri əldə edən qeyri-rezidentdən isə vergi orqanına təqdim edilmiş bütün sənədlərin əslini əldə etdikdən sonra qeyri-rezidentə ödəniş edərkən beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsini tətbiq edə bilər. Adıçəkilən razılıq məktubu alınanadək qeyri-rezidentə edilən ödənişlərə münasibətdə azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsinə yol verilmir.

Qeyri-rezident razılığa gələn digər dövlətdə vergi ödəyərkən Azərbaycan Respublikasında ödənilmiş vergilərin nəzərə alınması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş "Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında" Ərizə (DTA-04 forması) təqdim etməklə, onun tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergi məbləğlərinin təsdiq edilməsi ilə bağlı müraciət edə bilər.

Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarında nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş "Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında" Ərizə formasını (DTA-05 forması) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.

Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir.

Azərbaycanda ödəmə mənbəyində tutulan vergilərlə bağlı  dəstək, vergi planlaması və vergi optimallaşdırılması üzrə məsləhətlərin verilməsi, ödəmə mənbəyində tutulan vergilərin dərəcələri, prosedurları haqqında ətraflı məlumat alınması, həmçinin mövcud azadolmalardan istifadə etmək, ikiqat vergitutma sazişləri üzrə ödənilmiş vergilərin geri qaytarılması üçün bizimlə əlaqə saxlayasız.